ABŞ-da itlər arasında sirli virus yayılır: İnsanlar da yoluxurmu?

ABŞ-da itlər arasında sirli virus yayılır: İnsanlar da yoluxurmu?

ABŞ-da alimlərin hələ müəyyən etmədiyi xəstəlik itlər arasında sürətlə yayılır.

 

Sfera.az bildirir ki, Miçiqan ştatında görünən sirli virus indiyədək 30 itin ölümünə səbəb olub.

 

Baytarlar xəstəliyin yoluxucu olub-olmadığını və ya müalicəsinin nə olduğunu müəyyən etməyiblər. “The New York Times”da çıxan xəbərə görə, xəstəlikdən əziyyət çəkən itlərin əksəriyyəti 2 yaşdan kiçikdir. Heyvanlar ümumi simptomları göstərdikdən 3-5 gün sonra ölürlər. Bu simptomlara qusma, ishal və qanlı nəcis daxildir.

 

“Clare County” adlı heyvanlara nəzarət birliyinin direktoru Rudi Hicks bununla bağlı danışarkən, “Hazırda ştatımız çaxnaşma içindədir. Xəstəliyin müalicəsi yoxdur. Virus hələ müəyyən edilmədiyi üçün peyvənd də tapılmır”, deyə bildirib.

 

O, xəstəliyin parvovirusa bənzədiyini qeyd edib, lakin xəstələnən itlərə edilən “parvo” testlərinin bəzilərinin mənfi nəticə verdiyini vurğulayıb. Üstəlik, itlərin bir-biri ilə təmasda olmadığı öyrənilib.

 

Qeyd edək ki, parvovirus itlərin həyatına mənfi təsir göstərən yoluxucu xəstəlikdir. Simptomları ishal, qusma, qızdırma və halsızlıq olan yoluxucu xəstəliyin itlərdən insanlara keçmə ehtimalı yoxdur, lakin insanlara yoluxan “parvovirus” növləri də var.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR