Bakıda kirayə qiymətləri niyə bahalaşıb? – Ekspert səbəbləri açıqladı

“Bəzi alqı-satqı ofisləri, bununla məşğul olan şəxslər kirayə işinə baxmırlar. Çünki bu sahə həm başağrılı olur, həm də qazancı azdır. Bu baxımdan “kirayə mənzil yoxdur” yazan alqı-satqı ofisləri kifayət qədərdir”.
Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Müsahibimiz bildirib ki, son zamanlar ucuz kirayə mənzillərlə bağlı qıtlıq yaşanır:
“Bu, həm də söküntülərlə əlaqəlidir. Bilirsiniz, istismar müddətini bitirmiş binalar sökülür, bu zaman orada yaşayan sakinlər özləri də kirayə mənzil axtarışına çıxırlar. Təsəvvür edin, bir binada 60 mənzil var, yəni 60 ailə həmin ərazidə ən azı 2-2,5 il müddətinə mənzil kirayələyir. Sökülən binadakı kirayəlik mənzillər də artıq sıradan çıxır, yerində yeni tikili olur və burada evlər daha baha qiymətə təklif edilir. 2016-cı ildən başlayaraq bu proses davam edir. Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə Bakı şəhərində istismar müddətini bitirmiş binalar sökülərək yenilərlə əvəz olunur. Bu minvalla hələ uzun illər paytaxtda qəzalı , istismar müddətini bitirmiş binalar söküləcək. Bu baxımdan artıq kirayəlik mənzillər də azalır”.
Ekspert qeyd edib ki, həmişə olduğu kimi tələbələrin də paytaxta axını kirayə mənzil bazarına təsirsiz ötüşmür:
“Tələbə yataqxanalarının məhdud sayda olması, onların kirayə mənzil axtarmaq kimi çətinliyə də salıb. Kirayə mənzil bazarında təbii ki, bahalaşma gözlənilir. Köhnə binalarda ortalama bir otaq 300, iki otaq 400, üç otaqlılar 500 manata təklif olunurdu. Bu binalar söküləndən sonra isə yerində yeni tikililər görürük və artıq bir otaq 300 yox, 500 manatdan başlayır – iki otaq 400-600 manat, üç otaqlılar isə 700 manatdan başlayır 1000-1500 manata qədər dəyişir. Həmin tikililərin aylıq kommunal xərcləri də daha çoxdur. Bu səbəbdən də yaxın illərdə paytaxt ərazisində ucuz ev tapmaq çox çətin olacaq. Kirayə mənzil sayı azaldıqca, sahibləri də maksimum çalışırlar ki, qiymətləri qaldırsınlar. Çünki ev tapa bilməyən adamlar 300 manatlıq evə məcburən 400-500 manat ödəməli olurlar. Bütün bu məsələlər ciddi problem yaradıb qiymət artımına səbəb ola bilir”.
Günay Rəsulqızı