"Onları Qarabağa buraxmayın…” - Balasanyandan sülhməramlıların komandanlığına tələb

Qarabağdakı separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Rusiya sülhməramlı kontingentinin komandirinə müraciət edib. Ermənistan mediasında yer alan xəbərə görə, Vitali Balasanyan general-mayor Andrey Volkovdan tələb edib ki, qondarma “DQR”in razılığı olmadan azərbaycanlı jurnalistlərin və digər ölkələrin media nümayəndələrinin sülhməramlı qüvvələrin məsuliyyət zonasına daxil olmasına icazə verilməsin.
Xatırladaq ki, ötən gün Azərbaycanda fəaliyyət göstərən Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev rusiyalı sülhməramlıların müşayiətilə Laçın şəhəri və Zabux kəndində olub. Jurnalistin Laçından hazırladığı reportaj erməniləri qəzəbləndirib.
Balasanyanın açıqlamalarını Sfera.az-a dəyərləndirən politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi Elçin Xalidbəyli bildirib ki, Rusiya sülhməramlı qüvvələrin Azərbaycan jurnalistlərinin ölkə ərazisində hərəkətini məhdudlaşdırmaq səlahiyyəti yoxdur:
“Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr üçtərəfli anlaşmasında belə bir səlahiyyət nəzərdə tutulmayıb. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgə isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Əksinə, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Xankəndi və ətraf bölgəsinə Ermənistandan və hər hansı başqa xarici ölkədən gələn və rəsmi Bakının icazə vermədiyi şəxslərin qarşısını almağa borcludur. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələri həm də, Ermənistan silahlı birləşmələrinin, eləcə də, silahlı erməni separatçı-terrorçu dəstələrin Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılmasını da təmin etməlidir. Yəni, rus sülhməramlılar əslində, Araik Arutyunyanın rəhbərlik etdiyi separatçıların orada qalmasına icazə verməməlidir”.
Politoloqun sözlərinə görə, Araik Arutyunyan və digər erməni separatçılar artıq anlayırlar ki, onların sonu çatmaq üzrədir:
“ “Qisas” antiterror əməliyyatından sonra hər kəsə aydın oldu ki, rəsmi Bakı ermənilərin beynəlxalq himayədarlarının, o cümlədən də Rusiyanın mövqeyini nəzərə almadan Azərbaycanın Qarabağ regionunu silahlı erməni separatçı-terrorçu dəstələrindən təmizləməkdə qətiyyətli davranmaq niyyətindədir. Yəqin ki, ən yaxın aylarda rəsmi Bakı silahlı erməni separatçı-terrorçu dəstələrin bölgədən çıxarılmasına nail olacaq və Qarabağ regionu üzərində Azərbaycanın suveren hüquqlarını tam şəkildə təmin edəcək. Bütün bunları anlayan erməni separatçı-terrorçular belə provakativ müraciətlərlər Azərbaycanın sona çatdırmaq üzrə olduğu bu prosesi ləngitməyə çalışırlar. Bundan sonra Rusiya sülhməramlı qüvvələrinin rəsmi Bakının siyasi iradəsinə qarşı çıxamğa çalışa biləcəkləri qətiyyən inandırıcı görünmür. Erməni separatçı-terrorçular öz təxribatlarına davam edəcəkləri təqdirdəsə, Azərbaycan buna cavabı növbəti və bu dəfə daha genişmiqyaslı antiterror əməliyyatına başlamaqla, verə bilər”.
Yeganə