COVİD-19-la bağlı YENİ ARAŞDIRMA: Yoluxandan iki il sonra..

COVİD-19-a yoluxan insanlarda iki il sonra beyin dumanı, demans və epilepsiya diaqnozları digər tənəffüs yoluxucu infeksiyalardan daha çox yayılır.
Sfera.az bildirir ki, bu barədə Oksford Universitetinin son araşdırmasında qeyd olunub. Mütəxəssislər virusun insanların gündəlik həyatına mənfi təsir etdiyini vurğulayıb.
Əvvəlki araşdırmalar böyüklərin koronavirus infeksiyasından altı ay sonra beyin və psixi sağlamlıq vəziyyətləri riskinin artdığını irəli sürmüşdü. Bu tədqiqatda isə əsasən ABŞ-da COVİD-19-dan iki il sonra 1,25 milyon xəstədə 14 müxtəlif pozğunluq riskləri araşdırılıb. Qeyd olunub ki, koronavirusa yoluxan bir qrup şəxsdə iki ildən sonra yeni hallar müşahidə edilib:
- 65 yaşdan yuxarı şəxslərdə demans, insult və beyin dumanı
- 18-64 yaşlı böyüklərdə beyin dumanı
- Uşaqlarda epilepsiya və psixotik pozğunluqların ümumi riskləri
Tədqiqat göstərib ki, yetkinlərdə artan depressiya və narahatlıq riski normal səviyyəyə qayıtmazdan əvvəl iki aydan az davam edir. Oksford Universitetinin psixiatriya şöbəsinin professoru Paul Harrison, demans və epilepsiya kimi bəzi xəstəliklərin COVİD-19-dan sonra müşahidə edilməsinin "narahatedici" olduğunu söyləyib. Lakin o, koronavirusa görə depressiya və narahatlıq hallarının "qısa müddətli", uşaqlarda görülməməsinin isə "yaxşı xəbər" olduğunu vurğulayıb. Tədqiqatçılar bildiriblər ki, təsirə məruz qalanların sayı kifayət qədər olsa da, bu, "sunami” deyil: “Amma bəzilərinin tibbi yardıma ehtiyacı ola bilər ki, bu da səhiyyə xidmətlərinə təzyiqi artıra bilər”.
“Lancet Psychiatry”də nəşr olunan tədqiqatda infeksiyadan iki il sonra yeni diaqnozu olan insanların sayını təhlil olunub. Həmçinin, diaqnozdan sonra hər bir vəziyyətin nə qədər ağır olduğuna və ya nə qədər davam etdiyinə, digər infeksiyalarla müqayisəsinə nəzər salınıb.
Sözügedən araşdırma ilə bağlı danışan Liverpul Tropik Tibb Məktəbinin professoru Paul Qarner isə pandemiyanın insanların həyatını fərqli şəkildə dəyişdirdiyini söyləyib. O, demans və psixozdakı kiçik artımları virusun birbaşa təsiri ilə deyil, yaşadığımız sosial sarsıntı və distopiya ilə əlaqələndirib.
Günay Rəsulqızı