Tokayev Putinlə görüşmək üçün Soçiyə yollanır - Gündəlikdə nələr var?

Qazaxıstan prezidenti Kasım-Jomərt Tokayev bu gün Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Kremldən verilən məlumata görə, liderlər regional və ikitərəfli məsələləri müzakirə edəcəklər.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Putin mümkün qədər regionlarda təsir gücünü qorumağa çalışır:
“Qazaxıstanda çevriliş baş verdikdən, Tokayev prezident olduqdan sonra çoxları düşünürdü ki, Nur- Sultanla Moskva arasındakı əlaqələr daha da dərinləşəcək. Qazaxıstandakı hadisələri Rusiyanın SSRİ-ni bərpaetmə planının başlanğıcı kimi qiymətləndirənlər də var idi. Lakin sonrakı proseslər Tokayevin qismən də olsa, müstəqilliyə meyilli olduğunu göstərdi. Hətta onun bəzi bəyanatları Moskva üçün “soyuq duş” oldu. Türk dövlətləri arasında inteqrasiyanın güclənməsi də, əlbəttə, Kremlin ürəyincə deyil. Buna baxmayaraq, digər Mərkəzi Asiya ölkələri kimi Qazaxıstan da obyektiv səbəblərə - siyasi və iqtisadi amillərə görə Rusiyadan asılıdır. Ona görə də Nur-Sultanın tam müstəqil siyasət yeritməsi çətindir. Rusiya türk dövlətlərinin inteqrasiyasından və Mərkəzi Asiyanın nəzarətindən çıxmasından narahatdır. Ona görə də buna mane olmaq, hansı yollasa Qazaxıstanın asılılığını artırmaq istəyir”.
Müsahibimiz bildirib ki, Putin bugünkü görüşdə buna çalışacaq:
“Bu mənada liderlər arasında hansısa sənədlərin imzalanması, hətta ən strateji məsələlərlə bağlı razılıqların əldə olunması mümkündür. Bundan başqa, çox güman, dövlət başçıları bir çox məsələlər, o cümlədən Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar. Putin istəyir ki, Tokayev Rusiyanı dəstəklədiyini bildirsin. Çünki bu zaman Qərblə Qazaxıstan arasında ziddiyət yaranacaq. Yəqin ki, Tokayev savaşla bağlı neytral bəyanatlar səsləndirəcək, sülh arzusunu dilə gətirəcək”.
Günay Rəsulqızı