“Ermənistanın Azərbaycana qarşı edə bilmədiyini İran etmək istəyir” – Tehran niyə narahatdır?

“Ermənistanın Azərbaycana qarşı edə bilmədiyini İran etmək istəyir” – Tehran niyə narahatdır?

 “Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsi, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə mövqeyinin güclənməsi İran hakimiyyətinin Azərbaycana düşmən siyasəti sərgiləməsinə gətirib çıxarıb”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, hazırda region ölkələrinin, həmçinin Ermənistanın da qəbul etdiyi yeni reallıqları Tehran rejimi qəbul etmək istəmir:

 

“Bunun əsas səbəbi Türkiyə-Azərbaycan birliyinin formalaşması fonunda Azərbaycanın güclənməsidir. 10 noyabr Birgə Bəyannamənin imzalanması ilə başa çatan İkinci Qarabağ müharibəsinin ortaya çıxardığı geosiyasi reallıqlarını qəbul etməyəcəyini elan edən Tehranın əsas məqsədi Zəngəzur dəhlizinin açılmasına qarşı olmasıdır. Halbuki Zəngəzur dəhlizi iqtisadi əlaqələri nəzərdə tutur və  buradan İranın da istifadə etməsində heç bir problem görülmür. İran Zəngəzur dəhlizini siyasiləşdirərək Türkiyə və Azərbaycan arasında quru əlaqəsinin qurulmasını, bununla da regionda Ankaranın geosiyasi mövqeyinin güclənməsini qəbul etmir. Bundan əlavə, dəhlizin açılması ilə Türkiyənin Mərkəzi Asiyaya açılımı fonunda türk birliyinin formalaşmasına gətirib çıxaracaq. Ona görə də Tehran sərt bəyanatlar verməklə, regionda destruktiv siyasət ortaya qoyub. Zəngəzurda İranın konsulluq açması məhz dəhlizə qarşı olduğunun göstəricisidir”.

 

Ekspertin sözlərinə görə, İran Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə antitürk təbliğatı, ölkənin bütövlüyünə qarşı məzhəb siyasətindən istifadə edərək düşmənçilik siyasəti aparır:

 

“Bu gün Ermənistanın edə bilmədiyini Tehran Azərbaycana qarşı edir. Zəngəzurda İran konsulluğu birbaşa SEPAH-ın qərargahıdır və buradan Azərbaycanın fəaliyyəti izlənilir. Qeyd edim ki, İranın Azərbaycana qarşı siyasəti nəticə verməyəcək. Bir neçə gündən sonra "Şimal Cənub Nəqliyyat" dəhlizi üzrə Azərbaycan, Rusiya və İran nümayəndə heyəti görüşü keçiriləcək. Burada İranın Zəngəzur dəhlizi məsələsində tutduğu mövqe müzakirə ediləcək. Region ölkələri dəhlizin açılmasını istəyirsə, İranın bu siyasəti nəticəsiz qalacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR