Dünyaca məşhur narkobaron HƏBS EDİLDİ

Dünyaca tanınmış meksikalı narkobaron Rafael Karo Kintero yenidən həbs olunub.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 10 il əvvəl həbsxanadan çıxıb.
Rafael ABŞ-ın narkotik vasitələrlə mübarizə idarəsinin əməkdaşının qətlində ittiham olunur. Birləşmiş Ştatlar onun ekstradisiyası üçün Meksikaya iki dəfə sorğu göndərib.
Rafael Karo Kintero 1970-1980-ci illərdə çiçəklənən Qvadalaxara kartelinin qurucularından biri kimi tanınır. Kartelin üzvlərindən biri də sonralar “Sinaloa” kartelini yaradan, lakin hazırda həbsdə olan El-Çapo ləqəbli Hoakin Quzmandır.
Meksikadan ABŞ-a kokain, heroin və marixuana qaçaqmalçılığı ilə məşğul olan Rafael Kintero 1985-ci ildə ABŞ-ın Narkotik Vasitələrlə Mübarizə İdarəsinin əməkdaşını oğurlamaqda, işgəncə verməkdə və öldürməkdə günahkar bilinərək 40 il həbs cəzasına məhkum edilmişdi.
O, 28 il cəza çəkdikdən sonra 2013-cü ildə məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Ali Məhkəmə onun azad olunması barədə qərarı ləğv etsə də, Rafael Karo Kintero aradan çıxmağa nail olub.
Altmış doqquz yaşlı narkobaron beynəlxalq narkotik ticarətində mühüm oyunçu hesab olunmasa da, onun həbsi həm Meksikanın, həm də ABŞ-ın güc strukturları üçün böyük simvolik əhəmiyyət kəsb edir.