Taxıl böhranı: İstanbulda görüş nə ilə nəticələndi?

Taxıl böhranı: İstanbulda görüş nə ilə nəticələndi?

“Rusiya-Ukrayna müharibəsi dünya miqyasında taxıl böhranının yaranmasına gətirib çıxarıb. Hazırda  Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması problemi aktualdır. Məhz bu görüşdə bu problem ilə əlaqədar təşkil edilmişdi”. 


Bu sözləri Sfera.az-a açıqlamasında professor Qabil Hüseynli dünən Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında baş tutan görüşü şərh edərkən deyib.


Onun sözlərinə görə, nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparsa da konkret nəyəsə nail olunmayıb:


“Məsələ ondadır ki, Kreml və rəsmi Kiyev bu məsələdə fikir ayrılığı yaşayır. Rusiyanın irəli sürdüyü təhlükəsizlik koridoru Ukrayna üçün qəbuledilməzdir. Rusiya bu təklifin Ukrayna tərəfindən qəbul edilməyəcəyini yaxşı bilir. Əslində Kremlin istədiyi də budur. Dünya ictimaiyyətinə mövcud taxıl böhranının səbəbkarı kimi Ukraynanı göstərib təzyiqlərdən yayınmaq istəyir. Prinsip etibarilə Rusiya Ukraynaya müharibə elan etməsə bu gün taxıl böhranı da olmazdı”.


Politoloqun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsində konkret tərəf tutmur və bu siyasətinə bu gün də sadiqdir:


“Ankara bütün hallarda tərəfləri uzlaşdırmağa çalışır. Düzdür, buna tam nail ola bilməsə də bu mövqeyindən geri də çəkilmir. Əslində Türkiyənin inadlı mövqeyi gələcəkdə tərəflərin uzlaşmasına olan ümidi artırır. O ki qaldı dünyada yaşanan taxıl böhranına Türkiyə də bu məsələdən narahatdır”.


Turan Rzayev,

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR