Ərdoğanla Putin İranda görüşəcək - Müharibə başlayandan sonra ilk təmas

Ərdoğanla Putin İranda görüşəcək - Müharibə başlayandan sonra ilk təmas

“İyulun 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin İrana səfər edəcəklər. Səfər çərçivəsində liderlər iranlı həmkarları İbrahim Rəisi ilə üçtərəfli görüş keçirəcəklər, eyni zamanda ikitərəfli müzakirələr də gözlənilir. Bu, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Ərdoğanla Putinin ilk görüşü olacaq”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

 

Onun sözlərinə görə, dövlət başçılarının bu görüşü kifayət qədər ciddi səciyyə daşıyır:

 

“Çünki müzakirə olunacaq xeyli məsələ var. Bunlardan birincisi, Cənubi Qafqazdakı durumdur. İrəvanla Bakı və Ankara arasında münasibətlərin normallaşması nə qədər Moskvanın ürəyincədir? Yəqin ki, görüşdə bu məsələyə aydınlıq gələcək, Putin öz fikirlərini bölüşəcək.

 

Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının Rusiyanın maraqlarına cavab verdiyini düşünmürəm. Ən azından bu, Kremli sevindirmir. Amma gerçəklik budur ki, Moksvanın regiondakı təsir gücü azalıb və İrəvan Ankara ilə münasibətləri normallaşdırmaqda, beləliklə, özünə yeni "çətir" yaratmaqda maraqlıdır. Liderlərin bu məsələ ilə bağlı öz mövqelərini ortaya qoyacaqları gözləniləndir.

 

İkinci bir tərəfdən, şübhəsiz ki, davam edən savaş barədə də danışılacaq. Türkiyə indi Rusiyaya qarşı mövqe tutmayan nadir dövlətlərdəndir. Ərdoğan dəfələrlə deyib ki, Ankara tərəfsizdir. Bu, indiki halda Moskva üçün ciddi dividentdir. Doğrudur, Türkiyə ilə Rusiyanın müəyyən əlaqələri var. İki ölkə bir sıra ərazilərdə, o cümlədən Cənubi Qafqazda bəzən "paslaşırlar". Bundan başqa, Ərdoğanla Putinin şəxsi münasibətləri də kifayət qədər yaxşıdır. Lakin bütün bunlar o demək deyil ki, Putin Ərdoğanın neytral davranışını jest kimi dəyərləndirməməli və bunu qiymətləndirməməlidir. Əksinə, əgər Moskva Ankara ilə münasibətlərinin pisləşməsini istəmirsə, onun maraqlarının təmin olunmasına mane olmamalıdır”.

 

Ekspertin sözlərinə görə, həmçinin liderlərin görüşündə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi də müzakirə oluna bilər. Yəqin ki, prezidentlər "nə şişin, nə də kababın yanması" üçün fikir mübadiləsi aparacaqlar. Ola bilsin, İsveç və Finlandiyanın NATO-ya potensial üzvlüyünün tərəflər arasındakı münasibətlərə təsir etməməsi barədə razılıq əldə olunsun. Hər halda Rusiya və Türkiyə bir - birilərini itirmək istəməzlər”.

 

K. Novruzov qeyd edib ki, Ərdoğanla Putin həm də İran prezidenti İbrahim Rəisi ilə görüşəcəklər:

 

“Bu isə o deməkdir ki, regional proseslər, o cümlədən altılıq platforması məsələsi də gündəmdə olacaq. Səfərə qədər Ərdoğanla Prezident İlham Əliyev arasında telefon danışığının baş tutması mümkündür. Ərdoğan, Putin və Rəisi arasında keçiriləcək görüşlərin ciddi nəticələr, hətta razılıqlarla yadda qalacağına inanmaq olar”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR