“Belə olsa ərzaq 16-20 faiz ucuzlaşar” – İlqar Məmmədov

“Belə olsa ərzaq 16-20 faiz ucuzlaşar” – İlqar Məmmədov

“Maaş və pensiyalar artdıqca, ərzağın qiyməti daha da qalxacaq deyə, problemə başqa bucaqdan yanaşmalıyıq”.

Sfera.az bildirir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. O təklif edib ki,  böhran dövründə bütün ərzaq istehsalına, satışına və idxalına ƏDV 18 faizdən 2 faizə endirilsin:

 

“Bunun nəticəsində şəbəkə marketlərində ərzağın qiyməti 16-20 faiz düşər, ərzaq ticarəti ilə məşğul olan digər sahələrdə də ucuzlaşma görə bilərik. Ən pis halda, yəni qlobal ərzaq böhranı dərinləşərsə, heç olmasa bahalaşmanın qarşısı bir qədər alınar. Əlavə dəyər vergisi özlüyündə zərərli bir vergidir. Reqressiv vergidir, yəni qazancı daha az olan adamlara ağır gəlir. Bundan başqa, bizim kimi ölkələrdə mürəkkəb istehsal sahələrinin yaranmasının qarşısını alır və biz inkişaf etmiş ölkələrdən daim texnoloji baxımdan geridə qalırıq. Əlavə dəyər vergisi ən çox iki məqsədə xidmət edir. Birincisi, ərzaq ticarətinin həcmi və çeşidi haqda məlumatların toplanılmasına - bu məlumat iqtisadi siyasəti, o cümlədən ərzaq siyasətini tənzimləmək üçün vacibdir. Amma vacibdirmi ki, bu araşdırma məqsədi ilə 18 faiz ƏDV yığasan? Əsla buna ehtiyac yoxdur. 1 faiz də yetər. Üstəgəl populyar olmuş “ƏDV geri al” proqramı üçün 1 faiz də yığ. Deməli 18 faiz nə üçündür? ƏDV-nin ikinci məqsədi üçün - yəni hökumətin gəlir əldə etməsi üçün”.

 

Partiya sədri qeyd edib ki, bu ilin büdcəsində dövlət ƏDV kimi 5.7 milyard manat yığacaq və hesablamalara görə, bunun 4 milyardı qeyri-ərzaq mallarından toplanacaq:

 

“Deməli, qalır 1.7 milyard manat, yəni 1 milyard dollar ərzaqdan yığılmış ƏDV. Dövlətin nəyinə gərəkdir ərzaqdan yığacağı bu 1 milyard dollar? Dövlətin sosial yardım proqramları insanlara ərzaq almaq üçün daha çox pul xərcləyir. Bundan başqa, neft qiymətinin artması nəticəsində ölkəmiz bir neçə milyard dollar əlavə gəlir əldə edib. Bu əlavə vəsait dünyadakı ərzaq böhranı illərində əhalinin ərzaq təminatını qorumayacaqsa, nəyi qoruyacaq? Təklif elədiyimiz bu addım dövlət gəlirlərinin, ya da Ümumi Daxili Məhsulun azalmasına heç də səbəb olmaz. Kimin imkanı varsa, ərzağa xərcləmədiyi vəsaiti ya başqa mallara xərcləyib 18 faiz vergisini ödəyəcək, ya da qənaət etdiyi vəsaiti banka qoyacaq və ya başqa cür harasa yatıracaq. Beləliklə, ƏDV reqressiv mahiyyətinin təsirini də azaltmaq mümkün olacaq. Orta sinif və zəngin adamlar fərqin ən azından əhəmiyyətli hissəsini dolduracaqlar. Başqa sözlə, o 1 milyard dolları dövlət xərclərindən ixtisar etməyə, ya da əlavə neft gəlirlərini cəlb etməyə bəlkə heç gərək də qalmayacaq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR