İran və Rusiyan DOLLARDAN imtina etməyə hazırlaşır: Bu, ticari əlaqələrə necə təsir edəcək?

İran və Rusiyan DOLLARDAN imtina etməyə hazırlaşır: Bu, ticari əlaqələrə necə təsir edəcək?

İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır. Bu barədə İran Mərkəzi Bankı məlumat yayıb.

Bəs, xarici ticarətdə dollardan imtina mümkündürmü və bu, regiondakı ticari əlaqələrə necə təsir göstərə bilər?

Sfera.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı deputat Vüqar Bayramov deyib ki, hər iki ölkəyə qarşı Qərbin sanksiyaları qüvvədədir və Rusiyaya qarşı daha sərt paketlərdən istifadə olunur:

“Həm İran, həm də Rusiya xarici valyutalara, xüsusən də dollara tələbi yüksək olan ölkələrdəndir. İran ilə Rusiya arasındakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki il, yəni, 2019-cu ildə 1 milyard 595 milyon dollar olub. Cənub qonşumuzun Rusiyaya ixracatı yarım milyard dollardan da azdır. 2021-ci ildə isə qarşılıqlı ticarət 81 faiz artsa da yenə də ümumi dövriyyə böyük rəqəmlə ifadə olunmur. Regionun aparıcı dövlətlərdən olan iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 3.3 milyard dollar olub. Doğrudur, bu ilin ilk rübündə sözügedən dövlətlər arasında ticarət 10 faiz artıb. Bununla belə, yenə də ticari əlaqələrinin daha da dərinləşdirilməsi üçün bəlli çağırışlar qalmaqdadır. Tərəflər illik ticarət dövriyyəsini 10 milyard, 2025-ci ilədək isə 40 milyard dollaradək artırmağı hədəfləyirlər. Amma mövcud rəqəmlər göstərir ki, reallıq ilə hədəflər arasında fərq kifayət qədər böyükdür».

Millət vəkili əlavə edib ki, sözügedən ölkələr arasında ticarət dövriyyəsi böyük olmadığı üçün dollardan imtina reallaşsa da, bu, regiondakı valyuta tələbinə xüsusi təsir etməyəcək:

“Digər tərəfdən, hər iki dövlət üçün xarici valyuta cəlb etmək prioritet olduğu üçün belə bir addımın tam rellaşacağı ilə bağlı da xeyili suallar var. İndiyədək Latın Amerikası və Asiyada yerləşən bir neçə aparıcı ölkələr də dollardan imtina etməyə çalışsalarda bunu reallaşdıra bilməyiblər. Belə görünür ki, ABŞ pulundan imtina heç də düşünüldüyü kimi asan deyil, hətta Vaşinqtonun düşmənləri üçün belə».

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR