Səudiyyə Ərəbistanı uğrunda mübarizə gedir - Baydenin səfərinin pərdəarxası detalları

Səudiyyə Ərəbistanı uğrunda mübarizə gedir - Baydenin səfərinin pərdəarxası detalları

ABŞ prezidenti Cozef Bayden Səudiyyə Ərəbistanına səfərə hazırlaşır. “The Washington Post” dərgisi bu səfəri Vaşinqtonun Moskva və Pekinə qarşı siyasəti kimi qiymətləndirib. Digər tərəfdən Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda bir çox ölkənin Səudiyyə Ərəbistanı neftinə ehtiyacı artıb. Bu baxımdan Baydenin Səudiyyə Ərəbistanına səfəri qərarı yaxın ətrafında birmənalı qarşılanmayıb.

Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu deyib ki, Baydenin Səudiyyə Ərəbistanına səfəri yalnız onun yaxın ətrafında deyil, ABŞ-ın bütün siyasi spektrində və ölkə ictimaiyyətində ciddi suallar doğuracaq:

“Səudiyyə Ərəbistanı rejiminin müxalif jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda 2018-ci ildə qətl qərarı hələ yaddaşlardadır. Səudiyyə Ərəbistanı vətəndaşı olan Camal Qaşıqçı ölümündən bir neçə il əvvəl ABŞ-a köçmüş, “The Washington Post” dərgisində məqalələr yayımlayır, məqalələrində Səudiyyə Ərəbistanında kral hakimiyyətinin siyasətini tənqid edirdi. Ona görə də Camal Qaşıqçının qətli Amerikada da qəzəb doğrumuşdu. Buna baxmayaraq, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan imtina etmədi. Səudiyyə Ərəbistanı Bayden administrasiyası üçün də vacib ölkədir. Administrasiyada düşünürlər ki, Amerika Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı aşağı səviyyəyə endirərsə, bundan onun rəqibləri Moskva və Pekin istifadə edəcəklər”.

Ekspert qeyd edib ki, son illər Rusiya və Çinin Səudiyyə Ərəbistanı ilə siyasi və iqtisadi təmasları artıb:

“Ər-Riyad bu əlaqələrdən istifadə edərək Vaşinqtonu Səudiyyə Ərəbistanı ilə münasibətlərdə daha fəal olmağa sövq edir. Misal üçün, 2020-ci ildə Səudiyyə Ərəbistanı ilə Çin arasında saziş imzalanıb. Həmin sazişə görə Səudiyyə Ərəbistanı Çinə neftin nəqlini artırmalıdır. Bundan başqa Pekin Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə Çindəki yataqlarda neft çalışmalarına başlamaq imkanı yaradıb. Bunlar Vaşinqtonu narahat etməyə bilməz. Ona görə də Ağ Ev sahibi Səudiyyə Ərəbistanına 2 günlük səfərə ehtiyac duyub”.

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR