Ölkəmizdə özəlləşdirmə sahəsində islahatlar aparılıb və bu müsbət nəticələr verir

Ölkəmizdə özəlləşdirmə sahəsində islahatlar aparılıb və bu müsbət nəticələr verir

Azərbaycanda bazar iqtisadi sisteminə keçidin başlanmasından 30 il müddətin ötməsinə baxmayaraq ölkəmizdə kapitalist cəmiyyətinin tamamilə formalaşdığını deyə bilmərik. Yeni iqtisadi münasibətlər və yeni sistemin subyektləri təşəkkül tapsa da hələ də bir sıra sahələrdə təbii inhisarçılıq mövcuddur, buralarda dövlət müəssisələri aparıcı mövqeyə malikdir. Enerjidaşıyıcıları, rabitə, kommunal xidmətlər, neft və qaz sahələrində dövlət müəssisələri inhisarçı mövqeyə aydın görünür. Dövlət müəssisələri bank, sığorta, lizinq, xidmətlər və başqa sahələrdə də önəmli güc sahibidir. Liberal iqtisadi dəyərləri rəhbər tutan bir ölkədə bu vəziyyətin hələ də mövcud olması kapitalizm haqqında tam əminliklə danışmağı çətinləşdirir.


Sfera.az bildirir ki, məlumatlara görə, elektrik istehsalı və satışı, su və kanalizasiya xidməti, istehlakçılara qaz satışı, neft məhsullarının emalı, kimya məhsullarının istehsalının əksəriyyəti, ixracın 95 faizi və s. dövlət müəssisələri tərəfindən həyata keçirilir. Sənaye sahəsi üzrə fəaliyyət göstərən müəssisələrin 20 faizi dövlət mülkiyyətindədir, tikinti sahəsi üzrə görülən işlərin hələ də 25 faizi dövlət müəssisələri tərəfindən həyata keçirilir. Azərbaycanda ümumi daxili məhsul istehsalının 17-20 faizi dövlət bölməsinin hesabına formalaşır. Buna bənzər misallar çoxdur.


Qeyd edək ki, bazar iqtisadi münasibətləri sisteminə yeni keçən ölkələrdə iqtisadiyyatda dövlət müəssisələrinin sayının və istehsal payının yüksək olması çox təsadüf olunan haldır. İnkişaf etməkdə olan və keçid dövrünü yaşayan iqtisadiyyatlarının bir çoxunda ÜDM-nin əhəmiyyətli hissəsi hələ də dövlət müəssisələrinin hesabına yaradılır.


Lakin bazar iqtisadiyyatında iqtisadiyyatdakı dəyərin daha çox özəl bölmə hesabına formalaşması məqbul hesab edilir. Hökumətin vəzifəsi firmaların yerinə fəaliyyət göstərmək yox, onların müvəffəqiyyət qazanması üçün əlverişli şəraiti təmin etmək və onlar arasındakı münaqişələri mühakimə etməkdir.
Dövlətdən özələ keçiddə əsas hadisə özəlləşdirmədir. Özəlləşdirmə hökumətlərə bu istiqamətdə hərəkət etmək üçün kömək edən üsullardan biridir. Bazar iqtisadiyyatı şəraitində ölkələr öz biznes mühitlərini təkmilləşdirməyə və qlobal iqtisadiyyatda rəqabət aparmağa çalışmalı, hökumətlər də iqtisadiyyatın iştirakçılarından müstəqil tənzimləyicilərə çevrilməlidir.

Azərbaycanda hələ də özəlləşmə obyekti olacaq müəssisələr çoxdur. Xüsusilə iri müəssisələrin bir çoxu özəlləşdirilməyib.


İri müəssisələrin bəzilərinin özəlləşdirilməməsinin əsas səbəblərindən biri mümkün risklərdir. Özəlləşdirmənin aparılmasında əsas hədəflərdən biri müəssisələrin xüsusi mülkiyyətə keçdikdən sonra fəaliyyətini daha uğurla davam etdirməsidir. Amma kütləvi özəlləşmədən sonra bunlar bir çox hallarda baş vermədi. Ona görə də dövlət ya bu cür müəssisələrin özəlləşdirilməsini tamamilə dayandırdı, ya da sağlamlaşdırmadan sonra özəlləşdirilməyə çıxarılması məqbul sayıldı. Təcrübə hələlik dövlətin haqlı olduğunu göstərir. Dövlət əlində olan müəssisələrin hamısını sağlamlaşdırmaq yolunda ciddi addımlar ata bilib və bu müəssisələrin əksəriyyəti keyfiyyətli məhsul istehsal edə bilir.


Bildirək ki, müvəffəqiyyətli özəlləşdirmənin təmin edilməsinin nə vahid, nə də uğursuzluqdan sığortalanmış üsulu yoxdur. Özəlləşdirmə siyasi cəhətdən mübahisəli və mürəkkəb bir məsələ olub yerli şəraitlərdən və özəlləşdiriləcək müəssisənin özünəməxsus xüsusiyyətlərindən asılıdır. Buna baxmayaraq, keçid dövrünü yaşayan ölkələrdə Dünya Bankı və iqtisadi inkişafda maraqlı olan digər təşkilatlar tərəfindən on ildən çox müddət ərzində aparılan özəlləşdirmə işi ərzində müəyyən təcrübələr əldə edilib.


Təcrübə ondan ibarətdir ki, özəlləşdirmə firmaların məhsuldarlığını əsaslı şəkildə artıra və qazanclar əldə etməyə, məsələn, fond birjalarının inkişafına töhfə verə bilər. Lakin özəlləşdirmə işsizliyin qısa müddət ərzində artmasına da səbəb ola bilər. Özəlləşdirmə prosesini yaşayan ölkələr işsizliyin qısa müddətə artmasını gözləməli və bu məsələni yenidən təhsil və başqa işlərə keçid təcrübələri ilə həll etməyə hazır olmalıdır. Düzgün tətbiq edilərsə özəlləşdirmənin uzunmüddətli faydaları (hətta məşğulluq və məvaciblər nöqteyi-nəzərindən belə) qısamüddətli zərərlərdən çox-çox böyük olacaq. Lakin bunun üçün özəlləşdirmə prosesi şəffaf olmalı və köməkçi amillər: özəl mülkiyyətin qanunun aliliyi zəminində müvafiq qorunması, rəqabət, düzgün qurulmuş korporasiya idarəçiliyi sistemi, sərt büdcə
məhdudiyyətləri və müvafiq qanunvericilik ya artıq mövcud olmalıdır, ya da qısa müddət ərzində yaradılmalıdır.


Azərbaycanda 1996-cı ildən özəlləşdirmə həyata keçirilir. Kütləvi özəlləşdirmə kiçik müəssisələr üzrə aparılıb, böyük müəssisələr isə əsasən investisiya müsahibələri yolu ilə alıcı tapıb.


İndiyə qədər 10 766 kiçik müəssisə özəlləşdirilib. Özəlləşdirilən müəssisəslərin çoxu ticarət və iaşə sahələrində olub.


Son illərdə bu sahədə də islahatlar aparılıb və bu müsbət nəticələr verir. Ölkəmizdə özəlləşdirmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçidi, o cümlədən bu sahədə onlayn xidmətlərin tətbiqi, özəlləşməyə çıxarılan dövlət əmlakının müxtəlifliliyi investorların, alıcıların daha çox cəlb edilməsinə imkan yaradıb.


2022-ci ilin yanvar-may aylarına aid olan məlumata görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 33 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 9 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 273 nəqliyyat vasitəsi özəlləşdirilib.


Bu ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar isə 17,7 milyon manatdan çox olub.

Vasif
Sfera.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.

Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 


OXŞAR XƏBƏRLƏR