“Paylaşımlarıma az bəyənmə gəlirdi...” – Kitablarını yandıran Kulinariya Mərkəzinin keçmiş direktoru ilə MÜSAHİBƏ

“Paylaşımlarıma az bəyənmə gəlirdi...” – Kitablarını yandıran Kulinariya Mərkəzinin keçmiş direktoru ilə MÜSAHİBƏ

 Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun Sfera.az-a müsahibəsi:

- Tahir müəllim, sosial şəbəkələrdə kulinariyaya aid yüzlərlə kitabınızı yandırmağınızla bağlı görüntülər görüntülər birmənalı qarşılanmayıb. Belə bir addım atmağınıza səbəb nə olub?

 

- Son üç gün ərzində "Facebook" səhifəmdə ard-arda kitablarım və yazılarımla bağlı paylaşımlar etdim. Məqsədim o idi ki, insanlar kitablarımı görsün, oxuyub maariflənsin. Təəssüf ki, paylaşımlarıma az bəyənmə gəlirdi və bəyənən 10-12 nəfər də oxumadan bəyənən insanlar idi. Sözün düzü, kitablarıma qarşı insanların laqeyd münasibəti məni çox incitdi. Digər yazarlarımızın kitablarının oxunmadığından şikayətləndiyini müşahidə edirəm. Yadıma "Dədə Qorqud" filmindəki məşhur bir epizod düşdü: “Torpağı qorumursansa, əkib-becərməyə dəyməz, əkib-becərmirsənsə, qorumaq lazım deyil”. Mən də belə bir qərara gəldim ki, köhnə, oxunmayan, istifadəyə yararsız hala gəlmiş kitablarımı yandırım.

 

- Belə çıxır ki, əsas narazılığınız insanların, oxucuların sizin yazılarınıza və kitablarınıza laqeydliyidir?

 

- Mənim etirazım insanların kitab oxumamasınadır. Çünki kitab oxumadan tərəqqi mümkün deyil. Cənab prezident Bakı Dövlət Universitetində çıxışında dedi ki, biz təhsildən başqa, həm də milli dəyələrin inkişafına çalışmalıyıq. Milli dəyərlərimizdə kitaba çox böyük hörmət  və ehtiram var. Ancaq hazırda kitablara olan ehtiram azalıb.  Kitablarımı yandırarkən istəyirdim insanlar görsün ki, kitabları qorumaq, onları oxumaq, kitabxanalara getmək lazımdır. İkinci məqsədim o idi ki, Azərbaycan mətbəxti qorunsun. Cənab prezident 2011-ci ildə Milli Elmlər Akademiyasında çıxışı zamanı dedi ki, ermənilər bizim milli mətbəxtimizi oğrulayıb özününkiləşdirir. Buna görə mədəniyyət qanunun 37-ci maddəsində mətbəximiz milli irs kimi qorunur. Milli Kulinariya Mərkəzi də məhz milli mətbəxtimizin qorunması üçün yaradılıb.

 

- Azərbaycan Milli Kulinariya Mərkəzindən bəhs etmişkən, siz “National Geographic” jurnalında Azərbaycan mətbəxi ilə bağlı çap olunan məqaləyə Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən cavab verilməməsinə etiraz etmişdiniz. Etirazınızın səbəbi nədir?

 

- “National Geographic” jurnalında çap olunan məqalə Azərbaycana qarşıdır. Bu məqalə illərdir kulinariyamızla bağlı görülən işləri məhv edir. Mən fərdi olaraq məqaləyə cavab verə bilərəm, ancaq yaxşı olardı ki, buna Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi cavab versin.

 

- Siz insanların diqqətini kitablara, kitab oxumağa çəkmək üçün kitablarınızı yandırdığınızı qeyd etdiniz. Bir müəllifin kitablarını yandıraraq oxucunun diqqətini kitab oxumağa, kitablara çəkməsi nə dərəcədə doğru  addımdır?

 

- Birincisi, mən bütün kitablarımı yandırmamışam. Yandırılan kitablar lazımsız və pis vəziyyətə düşən kitablar idi. Bununla belə, yandırılan kitabların oxumağa yayarlı nüsxələri bizim kitabxanalarımızda var. Mən onsuz da kitabları paylayıram və kitabxanalara göndərirəm. Hətta Qarabağda olan kitabxanlara da biz kulinariya ilə bağlı kitablar göndəririk. Gəlin, məsələyə daha fərqli baxaq. Bu günə qədər kitabların qorunması, kitab oxunmasına dair bir çox aksiyalar keçirilib, lakin onların əksəriyyəti istənilən nəticəni verməyib. Mən daha radikal bir addım atmaq istədim və bunun effektiv olacağına inanıram.

 

- Bir çox yazarın, alimin, ziyalının yazdığı əsərlər öz zamanlarında lazımi diqqəti görməyib. Düşünürsünüzmü ki, sizin də kitablarınız gələcəkdə lazımi qiymətini alacaq?

 

- Gələcəyin bizə nə gətirəcəyini öncədən demək çətindir. Bir zilyalı kimi bu gün oxucuların kitablara qarşı olan laqeyd münasibəti məni çox incidir. Nəvələrimizə, gələcək nəsillərə kitabsız gələcək qurmaq istəmirəm. Mən öz nəvələrimə mal-mülk deyil, kitablarımı vəsiyyət edirəm. Mən heç vaxt bütün kitablarımı yandırıb gələcək nəsilləri kitablardan məhrum etmərəm.  Əminəm ki, Azərbaycan mətbəxtini öyrənmək istəyən, bu haqda elmi yazılar yazmaq istəyən hər kəs mütləq mənim kitblarıma müraciət etməli olacaq. Ən azından gələcəkdə xanımlar yemək reseptləri üçün kitablarımı vərəqləyəcək.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR