COVİD-19 yenidən geri qayıdır? – “Yenə görüşərkən öpüşməyə başlayıblar...”

COVİD-19 yenidən geri qayıdır? – “Yenə görüşərkən öpüşməyə başlayıblar...”

Son günlər COVİD-19  statistikasında yoluxmanın iki rəqəmli, aktiv xəstə sayının isə üç rəqəmli olması, bəzi mənfi proqnozlara səbəb olub. Koronavirusun yeni dalğasının yaranma ehtimalı əksəriyyəti narahat edir.

Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, COVİD-19 mutant “Omikron” ştamı meydana çıxan gündən yoxdur və Yaponiya, Şimali Koreya kimi bəzi ölkələrdə hazırkı yüksək yoluxma əslində gözlənilən və qanunauyğun haldır:

 

“Əsas səbəbi də zamanında aparılan mütləq özünütəcrid rejimidir. Müasir dövrdə hər hansı bir patogen viral infeksiyanın yayılaraq pandemiya halına keçidinə zaman müddəti artıq saatlarla hesablanır. Bu baxımdan heç bir sərt karantin və ya təcrid rejimi, lokal insan qrupunu yoluxmadan mütləq şəkildə qoruya bilməz. Tətbiq olunan sərt karantin məlum infeksiyanın inkubasiya dövründən çox olmamalıdır. Bu müddətin uzadılması, yalnız səhiyyə sistemində xüsusi iş rejiminə keçidin fəsadsız olması və yüklənmə halının qarşısının alınmasına xidmət etməlidir. Bəzi ölkələrdə isə COVİD-19-a  yoluxmadakı  sıçrayışların, təbii faiz nisbətində yoluxma baş verənə qədər davam edəcəyi mütləq və qaçılmazdır”.

 

Mütəxəssis deyib ki, bunun Azərbaycan kimi kollektiv immunitetin formalaşdığı ölkələr üçün qorxusu yoxdur:

 

“Hazırda müşahidə olunan nisbi artım isə yaxın aylarda hətta kütləviləşə də bilər. Bunun yeganə səbəbi, bəzi ikrah doğurucu adətlərin - məsələn, görüşərkən öpüşmənin yenidən ön plana keçməsidir. Fərdi gigiyenanın neqativ təməl əsası olan bu adətə birdəfəlik son qoyulmaldır. COVİD-19-un  deyil, məlum şərtlər daxilində aktivləşəcək hər hansı bir məlum və ya naməlum viral infeksiyanı nəzərdə tuturam. Bizim ölkədə koronavirusa yoluxmada müşahidə olunan hazırkı nisbi artım təkrari yoluxma halıdır. Yəni artıq formalaşmış aktiv immunitetə malik fərdlərin yoluxması..Bu halda yoluxma hətta 5-6 rəqəmli olsa belə, mütləq ölüm faizi sıfıra bərabərdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR