Putin Lukaşenkonu “odun içinə” atmağa çalışır – Belarus müharibəyə qoşulacaq?

Putin Lukaşenkonu “odun içinə” atmağa çalışır – Belarus müharibəyə qoşulacaq?

Rusiya-Ukrayna savaşına Belarusun birbaşa qoşulması ehtimalı yenidən aktuallaşıb. Ukraynanın  xarici işlər naziri Dmitro Kuleba bu məsələyə münasibət bildirərkən deyib ki, Belarusun savaşda birbaşa iştirakı ehtimalı Rusiya ordusunun Ukraynadakı uğurlarına mütənasib olaraq artacaq.

"Nə qədər ki Belarus Ukrayna ordusunun uğurlarını görür, onlar bundan yayınacaq. Rusiya isə Belarus ərazisindən istifadə edir”, - o söyləyib.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiyanın müharibədəki işi getdikcə çətinləşəcək və onun əlavə dəstəyə ehtiyacı olacaq:

 

“Moskvaya dəstək verəcək ilk tərəf isə məhz Minskdir. Çünki Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin sözü ilə "oturub durur". Doğrudur, lazım gəlsə, Çin də Rusiyaya kömək edə bilər. Pekin başa düşür ki, Qərbin Moskva ilə işi başa çatdıqdan sonra növbəti hədəf o olacaq. Amma Çin Rusiyadan çox uzaqdadır. Bu ölkənin müharibəyə müdaxiləsi savaşın qlobal xarakter alması deməkdir. Belarus isə Rusiya ilə sərhəddir - əgər müharibəyə müdaxilə etsə, bu, savaşın miqyasına ciddi təsir etməyəcək. Sözsüz ki, Putin nə desə, Lukaşenko onu da edəcək”.

 

Müsahibimiz bildirib ki, Belarus müharibədə iştirak etməkdə maraqlı deyil:

 

“Birincisi ona görə ki, Minsk bu halda qarşısında NATO-nu görəcək. Belarus Rusiya qədər dayanıqlı deyil və təbii ki, Alyansla mübarizə aparmalı olsa, çox müqavimət göstərə bilməyəcək. İkincisi, Belarus ictimaiyyəti iqtidara lazımi qədər rəğbət bəsləmir. Bu isə o deməkdir ki, Minskin savaşa qoşulması daxildə müsbət qarşılanmayacaq və bu, hakimiyyəti zərbə altında qoyacaq.  Ona görə Belarus Rusiyaya mümkün qədər bilavasitə dəstək olmağa çalışır və öz ərazisindən istifadə etməyə imkan verir. Belarusun yaxın vaxtda müharibəyə birbaşa qoşulacağı gözlənilmir. Müharibənin daha çox uzanacağı təqdirdə bu baş verə bilər. Nəticədə Şərqi Avropadakı durum daha da gərginləşəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR