Rusiya Ukraynanın “sonuncu qalası”nı ələ keçirdi, hədəf bu şəhərdir – SON DURUM
Rusiya Ukraynanın “sonuncu qala” adlandırdığı Lisiçansk şəhərini ələ keçirdikdən sonra bütün gözlər Donbass bölgəsinə çevrilib.
Sfera.az bildirir ki, növbəti böyük münaqişənin baş verəcəyi ünvan da müəyyənləşib. Belə ki, “Associated Press”ə danışan, təhlükəsizlik səbəbiylə adını açıqlamayan ukraynalı əsgər “hər kəs növbəti böyük müharibənin Slovyanskda olacağını bilir” deyə söyləyib. Slovyansk meri Vadim Lyax artıq raket hücumlarına məruz qaldıqlarını bildirərək, Rusiya ordusunun şəhərdə həyata keçirdiyi bombalı hücumda 6 nəfərin öldüyünü, 15 ayrı yanğının baş verdiyini açıqlayıb.
Ukraynalı əsgərlərin bölgədəki icazələrinin ləğv edildiyi və hazırlıqlara başlanıldığı məlum olub. “AP”yə danışan əsgərlərdən biri Rusiya Ordusunun şəhərə doğru sürətlə irəlilədiyini və silahlarının kifayət qədər olmadığını bildirib.
Qeyd olunub ki, Donetskdən 70 kilometr qərbdə yerləşən Slovyanskda müharibə Ukrayna üçün asan olmayacaq: “Səbəbini anlamaq üçün 8 il əvvələ nəzər salmaq lazımdır. Slovyansk 2014-cü ildə rus qoşunları tərəfindən ələ keçirilib və 3 aylıq mübarizədən sonra azad edilib. Bu prosesdə baş verən qarşıdurmalar və saysız-hesabsız qətllər yerli əhalini yorurdu. Şəhər əhalisinin böyük bir hissəsi, xüsusən də yaşlılar hələ də Rusiyaya rəğbət bəsləyirlər. Ukrayna ordusuna və hökumətinə qarşı inamsızlıq o qədər ciddiləşib ki, hətta son böyük hücumların arxasında Ukraynanın olduğunu iddia edənlər də var”.
Məlumata görə, Rusiya qoşunları bölgədə addım-addım irəlilədikcə hücumlar güclənir. Hazırda şəhərə hücumun gündə ən azı 4-5 dəfə baş verdiyini vurğulayan mer Lyax ötən həftə kaset bombalarından istifadə olunduğunu açıqlayıb. Hərbi analitiklər bölgəyə təcili hərbi yardıma ehtiyac olduğunu vurğulayırlar.
Günay Rəsulqızı