Dövlət dəstəyi mediada hansı dəyişikliklər etdi - TƏHLİL

Dövlət dəstəyi mediada hansı dəyişikliklər etdi - TƏHLİL

Azərbaycanda medianın inkişafına dövlət dəstəyinin olmasının böyük əhəmiyyəti var. İndiki şəraitdə dövlət dəstəyi olmadan media subyektlərinin gəlir səviyyəsinin artırılması, institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması bir qədər çətindir. Bu baxımdan mediaya dövlət dəstəyi vacibdir. 

 

Sfera.az bildirir ki, ölkəmizdə 2008-ci ildən mediaya dövlət dəstəyi vahid konsepsiya əsasında həyata keçirilir. Həmin konsepsiyaya uyğun olaraq ötən müddətdə bu istiqamətdə böyük işlər görülüb, media subyektlərinə birbaşa maliyyə yardımları olunub, media işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında müsbət dəyişikliklər baş verib. 

 

Müsbət xarakterli yeniliklərə baxmayaraq əvvəlki dövrlərdə sektor qlobal çağırışlara cavab verə bilmirdi. Modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediası yetəri qədər bəhrələnmirdi. Eyni zamanda şəffaflıq, vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətin təşkilində nöqsanlar var idi. Buna görə də, bu sahədə əsaslı islahatlar aparılması zərurəti yaranmışdı.

 

Zərurətdən irəli gələrək Azərbaycan Prezidentinin 2021-ci ilin yanvarın 12-də imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi (qısa adı MEDİA) təsis edildi. 

 

MEDİA-nın yaradılmasında əsas məqsəd mediada müsbət istiqamətdə dəyişikliklərə nail olmaq, medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, media subyektlərinin, yəni audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görülməsi idi. 

 

Artıq 18 aydır ki, yeni qurum fəaliyyət göstərir və o, geridə qalan dövrdə medianın inkişafının dəstəklənməsində yeni yanaşma ortaya qoya bilib. 

 

Bunların bəzilərinə diqqət yetirməklə ötən dövrdə mediada nələrin dəyişdiyini görmək mümkündür. 

 

Agentliyin atdığı ilk addımlardan biri media subyektlərinin və jurnalistlərin bilik və bacarıqlarının artırılması olub. MEDİA indiyə qədər çoxlu sayda onlayn və sahəvi təlimlər təşkil edib. Bu təlimlərin bəziləri yerli mütəxəsislərin, digərləri isə xarici ekspertlərin iştirakı ilə həyata keçirilib. 

 

Hazırda jurnalistikanın ən böyük problemlərindən biri ixtisaslaşmanın olmamasıdır. Bu cür təlimlər jurnalistlərin ixtisaslarının artmasına, sahəvi biliklərinin yüksəldilməsinə kömək edir. 

 

Agentliyin yaradılmasından sonra müsbət yeniliklərdən biri onlayn media subyektlərinə dəstək layihəsinə başlanılmasıdır. Əvvəllər belə bir təcrübə olmadığından yeni layihə media subyektlərində böyük maraq yaratdı. Veb-saytlara dəstək verilən zaman həm qəzetlərin saytlarına, həm də müstəqil onlayn media subyektlərinə maliyyə ayrıldı. 

 

Sektorun inkişafında sahə qanunlarının təkmilləşdirilməsinin rolu böyükdür. Bu baxımdan ilk dəfə olaraq layihəsi hazırlanan, ictimai müzakirəsi təşkil edilən və qəbul olunan “Media haqqında” Qanun əhəmiyyətlidir. Adıçəkilən qanun uzun müzakirələrdən sonra 2021-ci ilin dekabrında qəbul edilib.  

 

Qanunun qəbulu ilə media sahəsində aparılan islahatlar, tətbiq edilən yeniliklər genişləndi. İlk dəyişikliklərdən biri jurnalistlərin mənzil-məişət şaritinin yaxşılaşdırılması tədbirləri ilə bağlı oldu. Dövlət başçısının müvafiq Fərmanından sonra media nümayəndələrinə də dövlət vəsaiti hesabına güzəştli şərtlərlə ipoteka krediti almaq hüququ tanındı. 

 

Digər vacib dəyişiklik Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın milli rəqəmsal media təhlili platformasının - “Metrix.az” layihəsinin hazırlanıb istifadəyə verilməsidir. Bu platforma media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasına imkan verir. Platformada yerləşdirilən milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq.

 

Medianın İnkişafı Agentliyinin qəzet və jurnalların elektron yayım platforması olan “E-KÖŞK” layihəsi də əhəmiyyətli dəyişiklərdən biridir. 

 

“E-köşk” portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Plaforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaradacaq. 

 

Bunlar artıq həyata keçirilmiş, icra edilən işlərdir. Qarşıda daha fərqli layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Mühüm dəyişikliklər arasında media subyektlərinə vergi güzəştlərinin tətbiqi olacaq. Hazırlanan layihəyə əsasən, media subyektlərinin həm mənfəət, həm də əlavə dəyər vergisindən azad edilməsi təklif edilir. 

 

Başqa bir yenilik Azərbaycanda ilk dəfə olaraq Media Reyestrinin formalaşdırılması olacaq. Media Reyestrinə daxil olan media subyektlərinə media şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi veriləcək. Bu yenilik medianın daha geniş təminatlardan istifadəyə şərait yaradacaq. 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR