“Yola getmirsinizsə, dünyaya uşaq gətirməyin” - Psixoloq

“Yola getmirsinizsə, dünyaya uşaq gətirməyin” - Psixoloq

“Azərbaycanda yaxşı ər anlayışı içməyən, çəkməyən və döyməyən  şəxslərə şamil edilir.  Amma yaxşı ər bu deyil. Yaxşı ər sənə sahib çıxan, maddi-mənəvi dayaq olan, övladlarının arxasında dayanan həyat yoldaşıdır”.

Bunu Sfera.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. O bildirib ki,  bəzi ailələr lap başdan anlaşmırlar:

 

“Buna rəğmən, onlara “uşağınız olsun, hər şey düzələcək” deyirlər. Əksinə, uşaq olandan sonra hər şey daha bərbad olur və ölkəyə psixoloji şiddət görən gənc bəxş etmiş olurlar. Əgər iki insan yola getmirlərsə, uşaq dünyaya gətirməkləri doğru deyil. Çünki uşaq həmin ailədə psixoloji travmalar yaşayır  və ailədə cəmiyyət üçün təhlükəli şəxs formalaşır. Bəzən də deyirlər ki, ikinci, üçüncü övladın olsa, normallaşacaq. 2-3 uşaq sahibi olan qadın çarəsiz durumda kişiyə dözməyə məcbur olur. “3 uşağım var, ayrılacam, iş tapa bilməyəcəm”  kimi düşüncələr yaranır. Yaxud, “3 uşaqla ata evinə necə qayıda bilərəm, nə deyərlər” sualları formalaşır. Bir də görürük ki, artıq cinayət hadisəsi baş verib, qadın əri tərəfindən qətlə yetirilib, Təəssüf ki, belə hallarla qarşılaşırıq”.

 

Müsahibimiz deyib ki, cəmiyyətdə 3 uşaqlı anaları da işə qəbul etmirlər:

 

“İş tapmaq ali təhsilsiz bir insan üçün çox çətin məsələdir. Qadının özgüvəni aşağıdırsa, əlbəttə, ailədə kişiyə dözür. Bəzən də öz ailəsi – ata-anası ilə mübahisə edir. Öyrənilmiş çarəsizlik sindromu var. Qadın bu çarəsiz duruma vərdiş edir. Bu sindrom da hər bir insanda baş vermir. Daha çox özgüvənsiz qadınlarda rast gəldiyimiz bir şeydir. Təəssüf ki, dözdükcə günü-gündən ailədə şiddətin formaları da dəyişir, nəinki, ana, hətta övladları da bundan əziyyət çəkməyə başlayır. Bizdə qoruyucu vasitələrdən istifadəyə pul verməyə əlləri gəlmir, ancaq  uşağı dünyaya gətirməyə razılıq verirlər. Qoruyucu vasitə almağa pulun yoxdursa, o uşağı saxlamağa necə pulun olacaq? Yəni əgər bir insanlar yola getmirsiniz, o insandan ikinci, üçüncü uşağı dünyaya gətirmək lazım deyil. Daha çətin duruma düşəcəyiniz artıq bəlli olur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR