Türkiyənin xarici ticarət vəziyyəti pisləşir: kəsir bir qədər də böyüyüb
Türkiyənin xarici ticarətindəki neqativ proseslər may ayında bir qədər də dərinləşib.
Sfera.az Türkiyənin Statistika Təşkilatına istinadən xəbər verir ki, mayda xarici ticarət kəsiri (idxalın ixracdan çox olan hissəsi – red.) 2,55 dəfə artaraq 10,6 milyard dollara yüksəlib. İlin ilk 5 ayında isə kəsir 43,21 milyard dollar olub.
Xarici ticarətdə kəsirin böyüməsinin əsas səbəbi idxalın ixraca nisbətən daha böyük sürətlə artmasıdır. Mayda ixrac 15,3 faiz artaraq 19 milyard dollar olduğu halda, idxal 43,5 faiz artaraq 29,6 milyard dollar olub. Bunun nəticəsində ixracın idxalı ödəmə imkanı pisləşib. Belə ki, ötən ilin mayında ixrac idxalın 80 faizi qədərdində olduğu halda, bu ilin mayında 64 faizi qədərində olub.
Qeyd edək ki, Türkiyənin xarici ticarətində kəsirin böyüməsi lirənin ucuzlaşmasına səbəb olan əsas faktordur. Kəsir böyüdükcə, ölkədən xaricə yönələn xalis xarici valyutanın həcmi də artır.
Türkiyəli ekspertlərin fikrincə, kəsirin böyüməsinin 2 səbəbi var. Birinci səbəb neft və qazın bahalaşmasıdır. İkinci səbəb isə yüksək inflyasiyanın olmasına baxmayaraq faizlərin artırılmamasıdır.
Vasif
Sfera.az