“Bəlkə bu, yuxudur?” – Əməkdaşımızın Şuşa təəssüratları (REPORTAJ + FOTOLAR)
Mədəniyyət paytaxtımız Şuşaya səfər etmək hər kəs kimi mənim də arzum idi. Axır ki, bu arzuma çatıb başı dumanlı, arzular şəhəri, ölkənin incisi olan Şuşanı ziyarət edə bildim.
Şuşaya gedəcəyini, o müqəddəs torpaqları görəcəyini, suyundan içib havasını ciyərinə çəkəcəyini bilmək insanı nə qədər həyacanlandırsa, yolboyu bu həyacan dəhşət, nifrət, kədər kimi fərqli hisslərə çevrilir.
Belə ki, 27 illik işğal dövründə ermənilərin torpaqlarımıza vurduğu ziyanı Şuşa yolu boyunca ən incə nüansına qədər görmək mümkündür. Yolboyu ucsuz-bucaqsız ərazilər və bura səyahət edənlərə xəbərdarlıq löhvələri diqqət çəkir. 44 günlük müharibədən sonra torpaqlarımız işğaldan azad edilsə də təəssüf ki, hələ minlərlə hektar ərazi minalardan tam təmizlənməyib.
Zəfər yolunda bizi şəhidlər qarşıladı
Şuşaya gedən yolun niyə Zəfər yolu adlandığını çox düşünmüşəm. Ancaq etiraf edim ki, bu sualın cavabını bir gün həmin yolda tapa biləcəyim ağlıma belə gəlməzdi.
Zəfər yolu boyunca Qarabağın ecazkar təbiətini görmək nə qədər xoşdursa, yolboyu bu torpaqlar uğrunda canlarından keçən qalib ordunun şəhidlərinin məlumat lövhələrini görmək insanı üzür.
Sanki həmin şəhidlər Şuşaya gedən ziyarətçiləri qarşılayır, gedəcəkləri yerə sağ-salamat çatmaları üçün bələdçilik edir. Şəhidlərimizin fotolorını görüb onların itkilərinə üzülsək də, insanı qəribə bir rahatlıq hissi də bürüyür. Sanki hər şəhid fotodan Şuşaya gedənlərə “yolunuz açıq olsun”, “Biz sizlər və sizlərdən sonrakı nəsillər üçün bu torpaqları canımız bahasına azad etdik” deyir, “Bizim cismimiz də, ruhumuz da əbədi bu torpaqlardadır, rahat olun!” mesajını verirər.
Dağlar qoynundakı mistik şəhər
Tarixçilərin verdiyi məlumata görə, Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırırdılar. Ancaq tarixçilərin dediyindən əlavə Şuşaya gedən yolda qarşımıza çıxan başı dumanlı dağlar, sərt uçurumlar və Şuşa şəhərinin üzərində salındığı qayalığı görəndə şəhərin tarixinə də baxış bucağım da dəyişdi.
Şuşa sadəcə bir şəhər deyil, həqiqətən də alınmaz qaladır. Dağlar aşıb bu yalçın qayalığı tapmaq onun üzərində qala salıb, şəhər tikmək həqiqətən strateji zəka və uzaqgörən bir ağıl tələb edir.
Hesab edirəm ki, tarix kitablarında Şuşa şəhəri ilə bağlı yazılmayan bir fakt da odur ki bu şəhər-qalanı ancaq əsasını qoyan xalq qoruyub saxlaya və inkişaf etdirə bilər. Məni bu fikrə gətirən məqam isə 44 günlük müharibə zamanı qəhrəman ordumuzun şəhərə daxil olmaq üçün qalxdığı yalçın qayalığı görməyim oldu.
Mübaliğə etmirəm, Şuşaya sıldırım qayalıqla əli yalın qalxmaq, daha sonra yenə əliyalın döyüşmək insanüstü qüvvə, ağıl və cəsarət tələb edir. İnsan istər-istəməz bu sualı özünə verir: Mən də onlar kimi bunu bacarardım?
Qapında ot bitsin!
Şuşaya ayaq basmaq, onun havasını ciyərlərində hiss etməyi sözlərlə tərif etmək mümkünsüzdür. İnsan bu şəhərin küçələrində gəzdikcə düşünür, özünə “bəlkə bu, yuxudur?” sualını verir.
Şuşa arzular, ümidlər şəhəri olduğu kimi reallıqların, acıların, dəhşətin də şəhəridir. Şuşa küçələrində gəzdikcə şəhər sakinlərinin dağılmış və ya ermənilər tərəfindən işğal dövründə məskən edilmiş evlərini görmək bu hissləri keçirməyə səbəb olur. Ancaq Şuşadakı bir çox evin oxşar cəhəti qapısında ifrat dərəcədə ot, alağın bitməsidir. Bu mənzərəni gördükdə yadıma qədimdə işlədilən bir qarğış düşdü: “Qapında ot bitsin!”.
Görünür, şuşalılar bu şəhəri tərk etmək məcburiyyətində qalanda işğalçılara bu qarğışı edib. Həqiqətən də Şuşada az qala hər salamat qalmış və ya dağılmış evin qapısında ot bitmişdi.
Qafqazın Qüdsü
Şuşa şəhərini gəzərkən insanın diqqətini iki tikili xüsusi olaraq çəkir. Biri məşhur “Gövhər Ağa” məscidi, digəri isə erməni kilsəsi. Bu gün belə hay-həşir ilə dünyaya “azərbaycanlılar kilsəmizi dağıdır” dedikləri, əsl adı “Qazancı” olan kilsə... Təəssüf ki, görülən yenidənqurma işləri səbəbindən hər iki dini abidəni ziyarət etmək şansımız olmadı, ancaq bu iki Allah evinə baxdıqda şəhərin əsl sahibi və işğalçının kim olduğunu görmək olar.
Bu gün hər iki dini abidədə restavrasiya işlər aparılır. Şəhərin hər daşı, çınqılı kimi üzərindəki xristian kilsəsi də, müsəlman məscidi də bizimdir. Əminəm ki, Şuşa şəhəri yaxın illərdə xristian, yəhudi, müsəlman və digər dinə inana insanların sülh və əmin-amanlıqla yaşayacağı bir şəhər olacaq. Bəlkə də gələcəkdə Şuşanı Qafqazın Qüdsü adlandıracaqlar?
Şuşanın dilsiz balaca sakinləri
44 günlük müharibə sonrasında Şuşaya həyat yenidən qayıdıb. Bu gün Şuşada yaşayanlar, çalışanlar var. Şəhərin əsas sakinləri quruculuq işləri ilə məşğul olan işçilər, şəhəri qoruyan hərbçilər və şəhərdə yaşayanlara xidmət göstərən restoran, market işçiləridir.
Bundan başqa, şəhərin dilsiz, balaca sakinləri də var ki, çoxları onlar haqqında məlumatsızdır. Şəhərin küçələrini gəzdikcə burada yaşayan və insanlara dostluq edən heyvanlara, daha dəqiq desək itlərə, pişiklərə, hətta qatırlara, atlara rast gəlmək olar. Şəhərin digər sakinləri kimi onlar da burada yaşayır və şəhəri ziyarət edənlərə xoş təəssürat bağışlayır. Onu da deyim ki, Şuşada hər kəs onlarla yaxından maraqlanır, şəhərin tarixi abidələri kimi onlara da diqqət, qayğı göstərirlər.
Paşinyanın sərxoş halda yallı getdiyi Cıdır düzü
Şuşa şəhərində səfərimiz müəyyən bir proqram əsasında həyata keçirildiyi üçün ilk dayanacağımız Cıdır düzü oldu. Həmin Cıdır düzü ki, bir neçə il öncə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan burada separatçı, işğalçı terrorçularla birlikdə, sərxoş halda yallı gedirdi. Cıdır düzünü gəzdikcə həm də həmin video-görüntülər yadıma gəlir, üzümdə qəribə bir gülüş yaranırdı.
Cıdır düzü həqiqətən də ecazkar gözəlliyi, fərqli bitki örtüyünə və valehedici mənzərəyə sahibdir. Cıdır düzü həm də azadlığın simvoludur. Burada olarkən insanın ruhu sanki quştək pərvaz edib uçmaq istəyir. Düzdür, burada “Xarı bülbül” görə bilməsəm də, ən azı “Xarı bülbül” qədər gözəl bitkilər görə bildim.
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!
Cıdır düzündən sonra növbəti dayanacağımız görkəmli Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqifin türbəsi oldu. Bilməyənlər üçün deyim ki, Vaqifin türbəsi Şuşanın cənub-qərbində, məşhur Cıdır düzündə, şairin həlak olduğu qayalı təpədə ucaldılıb. Girişi hər iki tərəfdən güllərlə bəzədilən türbə şairin ruhunu əks etdirdiyi kimi, türbənin əzəməti də onun siyasi dühasını tərrənüm edirdi.
Molla Pənah Vaqif Azərbaycan xalqının öyrənməsi və gələcək nəsillərə ötürülməsi vacib olan irsidir. Bu mənada burada görülən işlər, ucaldılan məqbərə təqdirəlayiqdir.
Vaqifin qəbri başında isə istər-istəməz onun yaxın dostu olan digər görkəmli Azərbaycan şairi Molla Vəli Vidadiyə yazdığı "Bax" qoşmasının bu misraları yadıma düşdü:
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!
Qarabağın iki Bülbülü
Şuşa səfərimiz çərçivəsində ziyarət etdiyimiz digər məkan isə Azərbaycan opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) doğulduğu ev oldu.
Bülbülün evinə daxil olarkən həyətdə bizi onun iki büstü qarşıladı. Həmin büstlərdən biri erməni vəhşiliyi nəticəsində tanınmaz hala gətirilmiş, digəri isə işğaldan azad ediləndən sonra hazırlanmış olan idi. Aydın məsələdir ki, bu vəhşiliyin gələn ziyarətçilərə əyani surətdə təqdim edilməsi və unudulmaması üçün büst yenisi ilə yanbayan qoyulub.
Bülbülün evini ziyarətimiz əsnasında xoş bir təsadüf də o oldu ki, Qarabağın ikinci Bülbülü - Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva da orada idi. Bəyimxanım xanımla qısa bir söhbətimiz alındı və o Bülbül ilə Xan Şuşinski arasında keçən maraqlı bir əhvalatı bizə danışdı.
Onun sözlərinə görə, Bülbül regionları gəzərək xalq mahnılarını toplayıb nota saldıqları zaman bir gün yolu Şuşaya da düşür. Yol yoldaşlarından biri şuşalı olduğu üçün onu Xan Şuşinski ilə tanış etməsini xahiş edir. Şuşaya gələn zaman uzaqda “havalansın xanın səsi” ifasını eşidən Bülbül ifa edənin kim olduğunu soruşur. Ona ifa edənin Xan Şuşinski olduğu deyiləndə Bülbül ifaya qoşularaq ucadan “bayatı kür” ifa etməyə başlayır.
Bəyimxanım Verdiyeva gülərək Şuşanın iki Bülbülünün ifasının bu şəhərdə necə xoş səsləndiyini təsəvvür etdiyini dedi.
Şuşayla vida
Şuşa səfərimizin sonuncu dayanacağı Şuşanın simvollarından olan Şuşa qalasına oldu. Etiraf edim ki, bütün həyatı Bakıda keçən və İçərişəhər qala divarlarını görən biri kimi Şuşa qalası məni elə də təəccübləndirmədi. Şuşaya gələrkən yolda və şəhərin özündə gördüklərim mənə onu göstərdi ki, Şuşanın qalası yox, məhz özü ələ keçirilməzdir. Buna görə də qala sadə üslubda tikilib. Əslində düşünürdüm ki, Şuşa səfərim zamanı ən çox Şuşa qalası haqda danışacam, ancaq heç də belə olmadı. Bəlkə də səfərimizin sonuncu dayanacağının məhz Şuşa qalası olması bu mistik şəhərdən ayrılıq səbəb oldu.
Şuşaya səfərim məndə çox fərqli duyğular, təəssüratlar yaratdı. Bu şəhərin hər daşı, hər otu haqda çox şey danışmaq, yazmaq olar. Şuşaya bir də gedə biləcəmmi - bilmirəm, ancaq bildiyim odur ki, hər kəs ömründə bir dəfə də olsa, bu şəhəri gedib görməli, mübarək torpağına ayaq basıb, suyundan içməlidir. Əgər hələ də Şuşaya getməmisinizsə əmin olun, çox şey itirmisiniz.
Turan Rzayev