Azərbaycanda bu şəxslər meymunçiçəyi vaksinasiyasından keçə bilər - AÇIQLAMA
ABŞ-da mütəxəssislər meymunçiçəyi virusu olduğunu ehtimal edən şəxsləri sözügedən xəstəliyə qarşı vaksinasiyaya çağırıb.
Bu səbəblə ölkəyə on minlərlə yeni vaksin də gətirilib.
Ölkəmizdə bu xəstəlik qeydə alınmayıb. Lakin maraqlıdır ki, xarici ölkələrdə səfərdə olan və ölkəyə qayıdan vətəndaşlarımız, eləcə də turistlərlə ünsiyyətdə olan şəxslər özündə meymunçiçəyinə yoluxma halını hiss edərsə, vaksinasiyadan keçməlidirmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist İlham Namazov istisanalarla bəzi şəxslərin meymunçiçəyi vaksinindən istifadəsinin zəruri ola biləcəyini deyib:
"Düzdür, bizdə meymunçiçəyi virusuna qarşı yoluxma halı aşkarlanmayıb. Lakin xarici ölkələrdə istirahət edən yaxud iş məqsədilə gedib ölkəyə qayıdan vətəndaşlarımız xəstəlik ehtimalları olduğu halda vaksinasiyadan keçə bilərlər. Sözügedən xəstəlik birbaşa təmas yolu ilə keçdiyi üçün yaxşı olardı ki, səfər zamanı, yaxud ölkəyə gələn turistlərlə ünsiyyətdə əllə görüşmək və digər yaxın təmaslardan çəkinək. Bu xəstəliyin ilkin əlaməti dəridə qızartı, səpgilərin yaranması və daha sonra yaranan halsızlıqdır. Qeyd etdiyim simptomları özündə müşahidə edən şəxslər mütəxəssis rəyindən faydalansa, yaxşı olar. Ümumilikdə isə onu qeyd edim ki, meymunçiçəyi virusuna qarşı vaksinasiyanın hər hansı mənfi təsiri yoxdur".
İnfeksionist hazırda Azərbaycanın virusun yayılması üçün risk zonası olmadığını da sözlərinə əlavə edib:
"Məlum olduğu kimi, ölkədə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb, buna görə panikaya düşmək lazım deyil. Lakin istənilən halda ölkədə vaksin ethiyatının olması, zəruri olarsa, vaksin stoklarının yaradılması mümkündür ".
Əzizə Zeynal