Pandemiya dövründə Gənclər və İdman yarışlarının pulu necə yeyilib? – Göyçaydakı korrupsiyanın izi ilə...
Göyçay rayonunda idman və gənclər sahəsinə ayrılan vəsaitin Şirinov qardaşları tərəfindən necə mənimsənilməsinin bəzi detalları aydın olub.
Sfera.az xatırladır ki, qardaşlardan Elşən Telman oğlu Şirinov Göyçay rayon gənclər idman idarəsinin rəisidir, digər qardaş Namət Şirinov isə Göyçay rayon Uşaq-Gənclər İdman Məktəbinin direktorudur.
Şirinov qardaşları uzun müddətdir ki, bu sahələrə rəhbərlik edirlər və rayon üçün dövlət budcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində, onun korrupsiya elementinə çevrilməsində böyük “təcrübə” qazanıblar.
Korrupsiya əməllərində mahirləşən qardaşlar pandemiya dövrünün yaratdığı imkanları da bada verməyiblər.
Hamıya bəllidir ki, pandemiya dövründə xüsusi karantin rejimi tətbiq edildiyindən kütləvi tədbirlər qadağan idi. Amma E.Şirinov qadağalar dövründə “boş dayanmayıb” və kütləvi tədbirləri “təşkil etməklə” məşğul olub. Rəsmi sənədlərə görə, o, guya yarışlar təşkil edib, başqa rayonlara idmançıları ezam edib və olmayan yarışlarla bağlı ödənişlər edib. Məhz bu yolla E.Şirinov gənclər və idman sahəsinə ayrılan dövlət vəsaitini mənimsəməyi bacarıb.
Bu ilin martın əvvəlində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayan zaman E.Şirinovun bu “fəaliyyəti” diqqətdən yayınmayıb və o, istintaqa cəlb olunub.
Qeyd edilən məsələ ilə bağlı E.Şirinovun ifadəsi alınsa da, görünməyən bir əl onu istintaqdan yayındırıb.
Lakin qeyd edək ki, istintaq hələ davam edir və Şirinovların əməllərinə hüquqi qiymət veriləcək.
Məsələni diqqətdə saxlacağıq.
İlkin
Sfera.az