Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü NƏ VƏD EDİR?

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü NƏ VƏD EDİR?

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin növbəti görüş tarixi məlum olub. Səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya-Ukrayna savaşı ilə əlaqədar hazırda Moskvanın Cənubu Qafqazdakı təsir gücü azalır və biz bundan öz maraqlarımız naminə istifadə etməliyik:

 

“Xüsusi nümayəndələrin budəfəki görüşündən hansısa nəticə gözləməmək də olar. Amma istənilən halda təmasların intensivləşməsi özlüyündə müsbət haldır. Təbii ki, bu, Azərbaycanın da maraqlarına uyğundur. Amma yaranan əlverişli şəraitdən mümkün qədər istifadə etmək lazımdır. Elə etməliyik ki, görüş müsbət nəticə ilə yadda qalsın. Eyni zamanda xüsusi nümayəndələr səviyyəsində keçirilən görüşlərin daha yüksək, məsələn Xarici İşlər Nazirliyi səviyyəsində təkrarlanmasına nail olmaq lazımdır. Son günlər ermənilər cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozublar. Bu, kifayət qədər aydın provokasiyadır. Ermənilərin davam edən təxribatları danışıqlar zamanı qabardılmalı, təzyiq aləti kimi istifadə edilməlidir”.

 

Müsahibimiz qeyd edib ki, Rusiya-Ukrayna savaşından sonra Moskvanın İrəvana təsir imkanları daha çox olacaq:

 

“Bu baxımdan danışıqlarda artıq konkret razılaşmalar əldə olunmalı, nəticəyönümlü işlər görülməlidir”.

 

Xatırladaq ki, bu, nümayəndələr arasında dördüncü görüş olacaq. Diplomatlar indiyədək artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada fikir mübadiləsi aparıblar.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR