Kağız sənədlər ləğv olunur?- AÇIQLAMA

Kağız sənədlər ləğv olunur?- AÇIQLAMA

“Dövlət qurumları nə vaxtadək vətəndaşdan və biznesdən kağız formada sənədlər tələb edəcək?”.

Sfera.az xəbər verir ki,  bu sualla Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz çıxış edib. O, illərdir ki, elektron hökumət quruculuğu ilə bağlı işlərin getdiyini, lakin problemlərin aradan qalxmadığını bildirib:
 

“Az qala 20 il olur ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir. İlkin dövrlərdə bu prosesi hansı dövlət qurumu necə istəyibsə, elə də aparıb.

 

12 ildir ki, bu proses sistemli olaraq, səlahiyyətli dövlət qurumunun nəzarəti altında həyata keçirilir. 2018-ci ilədək bu prosesə RİNN nəzarət edib, 4 ildən çoxdur ki, ölkədə rəqəmsal hökumət quruculuğuna ASAN, daha doğrusu onun tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi cavabdehdir. Rəqəmsal hökumətə keçidlə bağlı Prezidentin müvafiq fərmanından sonra sektorda müəyyən dinamika olsa da , son zamanlar müşahidə olunur ki, bu proses xeyli səngiyib.

 

Ən ciddi problem də dövlət qurumlarına məxsus dataların inteqrasiyasdır.

 

eGov Mərkəzi elektron hökumətimizin “oturduğu” xarici resurs əvəzinə, yəni xRoad sistemi əvəzinə ciddi əhəmiyyət kəsb edən ASAN Bridge hazırlayandan sonra bu proses xeyli sürətlənmişdi. Lakin görünən odur ki, inteqrasiya başa çatmaq bilmir, yenə də vətəndaşlardan kağız formada sənədlər tələb olunur. Hansı ki, həmin sənəd elektron formada digər bir dövlət qurumunda var. İnteqrasiya olmadığından, başqa bir dövlət qurumu məcburdur ki, həmin sənədi tələb etsin”.

 

Ekpsert kağız sənədlərin kağız sənədləri qadağan etməli olduğunu deyib:

 

“Qısa desək, hələlik rəqəmsal hökumət quruculuğu dövlət sektorunda kağız bürokratiyasını aradan qaldıra bilməyib.

 

Hələ də vətəndaşdan müxtəlif arayışlar və çıxarışlar tələb olunur. Hansı ki artıq xeyli müddətdir ki bunalrı eGov Mərkəzi rəqəmsal formada hazırlayıb və MyGov-da yerləşdirib. Lakin bir çox dövlət qurumları onları tanımaqdan imtina edir.

 

Düşünürəm zamanı yetişib ki, hər hansı bir dövlət orqanında artıq vətəndaşla və ya hansısa bizneslə bağlı məlumat varsa onu digər dövlət qurumunun kağız və ya elektron formada tələb etməsi və ya toplaması rəsmi olaraq QADAĞAN edilməlidir.

 

Əks halda , dataya "özəl" yanaşma davam edəcək, yəni elə dövlət qururmları var ki, “oturub” özünün yaratdığı DATA-nın üzərində və heç kimlə paylaşmaq fikri yoxdur. Belə olanda da mövcud servislər tam funksional fəaliyyət göstərə bilmir, həm vətəndaşlar və həm də biznes üçün datalara və servislərə çıxışla bağlı problemlər yaranır. Görünən odur ki, eGov Mərkəzi bu tip bəzi dövlət qurumlarına da inteqrasiya ilə bağlı təsir edə bilmir.

 

Odur ki, qanunvericilik qaydasında bu məsələ həll olunmasa, dövlət sektorunda mövcud olan informasiyanın yenidən toplanması  qadağan edilməsə, dövlətə məxsus mövcud DATA rəsmi sənəd olaraq qəbul olunmasa inteqrasiya və rəqəmsal transformasiya məsələləri uzun illər ləngiməkdə davam edəcək”.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR