Azərbaycanda meymunçiçəyinə görə karantin elan olunacaq? - AÇIQLAMA

Azərbaycanda meymunçiçəyinə görə karantin elan olunacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Şəbəkəsi (ÜSS) meymunçiçəyi xəstəliyini  rəsmi olaraq pandemiya elan edib. Bununla da Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə bağlı çağırış edilib.

Maraqlıdır, sözügedən xəstəlik ÜST tərəfindən pandemiya elan edilə bilərmi? Virusun yayılması ilə əlaqədar ölkəmizdə hansı karantin qaydalarının tətbiq edilməsi gözlənilir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən infeksionist Mərdan Əliyev meymunçiçəyi virusunun pandemiya elan edilməsi məsələsinə aydınlıq gətirib:

 

“Meymuçiçəyi virusu Ümumdünya Səhiyyə Təşkilat tərəfindən yox, Ümumdünya Səhiyyə Şəbəkəsi tərəfindən pandemiya elan olunub. Bu virusun ÜST tərəfindən pandemiya elan edilməsi ilə bağlı fikirlər insanlarda çaşqınlıq yaratdı. Ümumdünya Səhiyyə Şəbəkəsi tərəfindən meyymunçiçəyi xəstəliyinin pandemiya elan olunması dünyanın bir neçə ölkəsində bu xəstəliyin aşkar olunması ilə əlaqədardır. Bu qərarın kökündə sözügedən xəstəliyə diqqətin ayrılması və ölkələri tədbirli olmağa çağırış dayanır”.

 

İnfeksionist qarşıdakı zaman ərzində Azərbaycanda da adıçəkilən xəstəliklə əlaqədar karantin qaydalarının tətbiq edilə biləcəyinə işarə edib:

 

“Meymunçiçəyi virusuna qarşı ölkələr tərəfindən qabaqlayıcı tədbirlər görülə bilər. Hələ ki Azərbaycan üçün belə bir təhlükə görünmür. Virus sıx kontaktlar yolu ilə insandan-insana keçir və hazırda ölkəmizdə bu istiqamətdə yoluxma yoxdur. Bundan əlavə meymunçiçəyi virusu koronavirus qədər sürətli yoluxdurma qabiliyyətinə malik deyil. Lakin ölkəmizdə yoluxma qeydə alınarsa, yaxud qonşu ölkələrdə meymunçiçəyinə yoluxma halları çoxalarsa, o zaman Azərbaycan da önləmləyici tədbirlər görə bilər. Hələ ki, qonşu ölkələrdəki vəziyyəti müşahidə etməliyik”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR