Paşinyan Azərbaycanla böyük sülhə hazırlaşır? - "Artıq revanşistlər zərərsizləşdirilib, indi o..."

Paşinyan Azərbaycanla böyük sülhə hazırlaşır? -

Artıq bir neçə aydır Ermənistanın baş naziri Nikol Paşinyana qarşı İrəvanda və erməni lobbisinin güclü olduğu Fransada davam edən etiraz aksiyaları səngiyib.

Vəziyyətin normala döndüyü bir vaxtda baş nazirin müəyyən addımlar atacağı gözlənilməkdədir. Bu konteksdə Azərbaycanla mübahisəli məsələlərin həlli yönündə irəliləyişlərin olacağı ehtimal olunur.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Elman Nəsirov Paşinyana qarşı etirazların səngiyəcəyinin gözlənilən olduğunu deyib. O, Ermənistanın bu mərhələdən sonra sülh istiqamətində addımlar atacağına diqqət çəkib:

 

“Paşinyan kapitulyasiya aktına imza atdıqdan sonra parlament seçkiləri keçirib yenidən qalibiyyətə imza ata bildi. Belə olan halda onu hakimiyyətdən devirmək qeyri-mümkün idi. Etirazların hərəkətverici qüvvəsi hərbi dairələr, Qarabağ klanı, Sarkisyan və Köçəryan qruplaşmaları idi. Təbii ki, onların heç bir sosial bazası olmadığından hadisələrin indiki ssenarisi labüd görünürdü. Bütün bunlardan sonra Paşinyanın Azərbaycanla həllini gözləyən məsələlərdə ciddi razılaşmaların olacağı ehtimalı artır. Paşinyanın revanşistlərin təzyiqi ilə ortaya konstruktiv mövqe qoyması ehtimalı sıradan çıxır. İndiki vəziyyətdə o, revanşistlərlə mübarizənin qalibi kimi də çıxış edir. O, çox gözəl dərk edir ki, Ermənistanın da gələcəyi Azərbaycanla əməkdaşlıqla bağlıdır”.

 

Millət vəkili Ermənistan tərəfinin atacağı ilkin addımları belə dəyərləndirib:

 

“Artıq sərhədlərin nizamlanması üzrə komissiyaların ikinci və növbəti iclaslarının keçirilməsi üçün münbit şərait yaranıb. Eyni zamanda Azərbaycan tərəfi sülh danışıqlarını aparmaq üçün komissiyanı formalaşdırıb. Ermənistan tərəfi isə hələ ki, bu addımı atmayıb. İstisna deyil ki, yeni reallıqda Ermənistan hökuməti sülh danışıqlarını aparmaq üşün komissiya yarada bilər. Hesab edirəm ki, indiki vəziyyət postmüharibə dönəmində həllini gözləyən məsələlərin reallaşdırılması üçün uyğundur”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR