“Bu gün eynəkləri gözünüzü kor edəcək” – Eynək seçərkən nələrə diqqət etməliyik?

“Bu gün eynəkləri gözünüzü kor edəcək” – Eynək seçərkən nələrə diqqət etməliyik?

Hazırda şəhərin istənilən yerindəki mağaza, piyada keçidi, metro çıxışlarında, hətta köşklərdə belə gün eynəyinin satıldığına şahidlik edirik.

Bəzi eynəklərin üzərində isə brend markalara məxsus yazılar olsa da, onlar 10-15 manata təqdim olunur. Bu isə alıcılarda məhsulun keyfiyyəti ilə bağlı suallar yaradır.

Görəsən, 5-15 manat pul verərək saatlarla gözümüzdən çıxarmadığımız gün eynəkləri nə dərəcədə etibarlıdır?

Məsələ ilə bağlı Sfera.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov günəşli günlərdə belə, gün eynəyindən istifadə etməməyi tövsiyə edib:

“Gün eynəklərinin təkcə Azərbaycanda yox, Portuqaliya, İtaliya, Afrika çimərliklərdində və digər yerlərdə təsadüfi şəxslər tərəfindən satıldığını görmüşəm. Təəssüflər olsun ki, insanlar bu tip eynəklərə üstünlük verir və bu eynəklər gözü məhv edir. Gözü günəşdən qorumaq lazım deyil. Ən günəşli gündə belə gözümü məşq etdirirəm ki, günəşə baxa bilim. Təəccüb edirəm ki, qış aylarında belə, qadınlar avtomobilə əyləşən kimi gözlərinə qara eynək taxırlar. Onların gözlərini hansı səbəblə kor etmək istədiyini anlamıram”.

Ekspert gün eynəklərini almazdan öncə test edilməsinin zəruriliyindən söz açıb. O, keyfiyyətli gün eynəyi vasitəsi ilə normalda havada görə bilmədiyimiz cisimləri görəcəyimizi deyib:

“Ölkədə gün eynəkləri heç kim tərəfindən yoxlanılmır, onlara sertifikat verilmir. Brend eynəklərin çoxunun testi olur. Lakin mağazalarda, yaxud köşklərdə bizə belə testlər təqdim edilmir. Həkimlər hansı gözə hansı gün eynəyinin lazım olduğu ilə bağlı diaqnostika aparmır. Həkimlər sadəcə əməliyyatdan sonra bir müddətlik gün eynəyi tövsiyə edirlər. Gün eynəyinin baha olması onun brend olması, keyfiyətli olması anlamına gəlməz. Bu tip eynəkləri  alarkən sertifikat, test tələb etmək olar”.

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR