Binəli Yıldırım Azərbaycana gələcək
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə "Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olub.
Sfera.az SOCAR-ın saytına istinadən xəbər verir ki, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilib, bildirilib ki, builki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili "Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili" elan edib. "Energetika və nəqliyyatda meqa-layihələr” adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyənin Baş baziri Binali Yıldırımın iştirak edəcəyi qeyd olunub.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən R.Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirib.