Azərbaycanda istirahətin qiyməti – Harada dincəlmək daha ucuzdur?

Azərbaycanda istirahətin qiyməti – Harada dincəlmək daha ucuzdur?

“Ənənəvi olaraq iyun ayından başlayaraq avqustun sonuna qədər bağ evlərinin kirayəsinə tələbat artıb”.

 

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Müsahibimiz bildirib ki, bağ evlərinin həm kirayə, həm də satış qiymətlərində artım müşahidə olunur:

“Artıq vətəndaşlarımız bağ evlərini kirayələmək üçün Bakıətrafı qəsəbələrə deyil, daha çox Azərbaycanın turistik bölgələrinə üz tuturlar. Şimal zonası – Quba, Qusar, Xaçmaz və ya cənub bölgəsi, eləcə də Qəbələ, Şəki, Oğuz, Zaqatala kimi rayonlarımızın təbiəti daha rəngarəngdir və demək olar ki, sözügedən bölgələrdə evlərin kirayə qiymətləri təxminən Bakıdakı bağ evlərinin qiymətinə yaxınlaşıb. Gündəlik qiymətlər təxminən 40-50 manatdan başlayaraq 150-200, hətta daha baha qiymətə qədər dəyişə bilir. Bu gün Bakıətrafı , dənizkənarı bağ evlərinin kirayə qiymətlərinə baxsaq, normal şəraitli, hovuzlu məkanların qiymətləri təxminən 2 min manatdan başlayır və 10 min manata qədər yüksələ bilir. Bu, bir aylıq kirayə qiymətidir. Lakin hazırda vətəndaşların fikirləri fərqlidir, yəni bu gün təxmini 2 min manat verib, evi bir aylıq kirayələməkdənsə, həmin qiymətə Azərbaycanın digər bölgələrində öz ailəsi ilə mənzil tutub dincəlməyə üstünlük verilir. Bununla da vətəndaşlar həm gözəl təbiət görmək, həm də rayonlarla daha yaxından tanış olmaq imkanı qazanırlar”.

Ekspert əlavə edib ki, bu il paytaxt ərazisindəki bağ evlərinə tələbat əvvəlki illərə nisbətən az olacaq:

“Bağ evlərini daha çox kirayə götürənlər digər ölkələrdən gələn həmvətənlərimiz və xarici vətəndaşlar idi. Lakin təyyarə biletinin baha olması, uzun müddətdir quru sərhədlərimizin bağlı qalması həm azərbaycanlıların, həm də  xarici vətəndaşların Azərbaycana gəlməsində ciddi problem yaradır. Bu baxımdan ölkəyə gələ biləcək turistlər artıq Gürcüstana, qonşu Türkiyəyə üz tuturlar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR