Taxıl diplomatiyası nəticə verdi: Yüklə dolu gəmi Mariupol limanını tərk etdi
Türkiyə və Rusiyanın hərbi nümayəndə heyətləri Ukrayna limanlarından taxıl və digər yüklərin daşınmasını müzakirə ediblər.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu müzakirələrin başlanmasından bir neçə saat sonra Türkiyənin Müdafiə Nazirliyinin “Azov Concord” gəmisi Mariupol limanını tərk edib. Türkiyənin “Azov Concord” gəmisi Rusiya ordusu və separatçıların nəzarətində olan Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Moskvada iki ölkənin müdafiə nazirlikləri səviyyəsində danışıqların aparıldığı bildirilib. Bununla bağlı Rusiya tərəfinin açıqlamasında qeyd edilir ki, tərəflər Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi, habelə Ukrayna limanlarından taxıl ixracı və Türkiyə ticarət gəmilərinin təhlükəsiz çıxışı ilə bağlı məsələlər müzakirə ediblər.
Qeyd edək ki, Ukraynanın Qara dəniz limanlarından yük daşınmasına imkan verilməməsi dünyada buğdanın qiymətinin xeyli yüksəlməsinə səbəb olub. Əgər qəti razılaşma əldə edilərsə, idxalçı ölkələrin buğda ilə təminatı yaxşılaşacaq və qiymətlər müəyyən qədər enəcək.
Vasif
Sfera.az