“KTMT hərbçiləri Azərbaycanla sərhədə yerləşdirilərsə..” – Ermənistanı gözləyən aqibət
“Son bir ayda Kəlbəcərdəki mövqelərin davamlı atəş altında saxlandığını görürük. Həm də mövqelərimiz ötən əsrdə haylara yaramazcasına peşkəş edilən qədim yurd yerlərimizdən vurulur”.
Sfera.az bildirir ki, bunu millət vəkili Sahib Alıyev deyib. O, Ermənistanı bu cür təxribatlara davam edəcəyi halda hansı aqibətin gözləyəcəyindən də söz açıb.
“Onlar bu yolla, Paşinyanın ötən günlərdə açıq şəkildə dilə gətirdiyi kimi KTMT üzvü olan ölkələrin hərbçilərini Azərbaycanla sərhəd boyu yerləşdirməyi planlaşdırırsa, bu planı da ondan öncəkilər sayaq başlarına dəyəcək. Üstəlik belə hərəkətlər haylara peşkəş edilən həmən torpaqların əsl yiyələrinin ora-yəni Aşağı Şorcaya, Saybalıya-bütövlükdə Göyçəyə, Qərbi Zəngəzura və digər yurd yerlərimizə qayıdışlarını daha da sürətləndirəcək”, deyə deputat əlavə edib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecədən başlayaraq iyunun 21-i səhər saatlarınadək Qarakilsənin Saybalı, Basarkeçərin Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçının Minkənd və Kəlbəcərin Yellicə kəndindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Türkan