Lavrovu Bakıya gətirən SƏBƏBLƏR: “Bu, Rusiya üçün hava-su qədər vacibdir...”

Lavrovu Bakıya gətirən SƏBƏBLƏR: “Bu, Rusiya üçün hava-su qədər vacibdir...”

Rusiyanın xarici işlər Sergey Lavrov İranda səfərdədir. Bundan əvvəl Türkiyədə, Ermənistanda da səfərdə olan rusiyalı nazir, iyunun 23-də Bakıya gələcək.

Maraqlıdır, Lavrovun bu səfərləri nəyə hesablanıb?

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov  xatırladıb ki, Moskva tədricən sivil dünyadan təcrid olunur və müttəfiqlərini itirir, ona görə də qonşularının "nəzbini yoxlamaq" istəyir:

“İndiki məqamda region dövlətlərinin Rusiyanın yanında olması şimal qonşumuz üçün hava- su qədər vacibdir. Rusiya artıq başa düşür ki, savaş yaxın vaxtda bitməyəcək. Bu isə o deməkdir ki, Kreml daha ciddi sınaqlara hazır olmalıdır. Bunun üçün isə ona qonşuların dəstəyi lazımdır. Ən azından Rusiya əmin olmaq istəyir ki, durumu bir az da gərginləşsə, region dövlətləri ona qarşı hərəkətə keçməyəcək, sanksiyalara qoşulmayacaq. Çünki Rusiya yaxşı bilir ki, çoxillik imperiya siyasəti nəticəsində bölgədə heç də müsbət imic qazanmayıb”.

Müsahibimiz deyib ki, Moskva Bakının müharibə ilə haqlı, ədalətli mövqeyindən razı deyil və bunun dəyişməyini istəyir:

“Bunun üçün isə Rusiya artıq Azərbaycanın regional maraqları istiqamətində addımlar atmalıdır. Eyni zamanda Aİ-nin regionla bağlı təşəbbüskarlığının artması da Rusiyanı narahat edir. Moskva istəyir ki, fəallığı ələ alsın, "proseslərin sükanı arxasına keçsin". Bunun üçün hətta "bəzi daşların yerinə oturmasına razıdır". Bir şərtlə ki, proseslər öz nəzarətində olsun və istədiyi vaxt "qırmızı işıq" yandıra bilsin. Bu mənada İranda regional kommunikasiyaların açılması haqda danışılması və ardınca Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə müəyyən əməli işlərin görülməsi mümkündür. Bütün bunlar Kremlin öz maraqlarının təzahürü kimi qiymətləndirilməlidir. Yəni əslində şimal qonşumuzun ənənəvi xarici siyasət kursunda heç bir dəyişiklik yoxdur.  Rəsmi Bakı hazırkı şəraitdən öz xeyrinə istifadə etməli və lazımi manevrlər nəticəsində bu durumdan faydalanmağı bacarmalıdır”.

 

Günay Rəsulqızı

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR