Neft ucuzlaşır: digər malların da qiyməti enə bilər
ABŞ-da və digər ölkələrdə böhranın olacağına dair yaranan narahatçılıq neft qiymətlərinin düşməsinə səbəb olur.
Sfera.az xəbər verir ki, ABŞ-da, Avropa İttifaqı ölkələrində yüksək bahalaşma qeydə alınandan sonra bunun tələbdə zəifləməyə səbəb olacağı və nəticədə iqtisadi artımın dayanacağı ilə bağlı gözləntilər güclənib. Xüsusilə də son günlərdə bu gözləntilərin daha tez-tez dilə gətirilməsi neft qiymətlərinə azaldıcı təsir edir.
Birja məlumatlarına əsasən iyunun 14-dən sonra neft qiymətləri davamlı düşür. “Brent” neftinin qiyməti qeyd edilən tarixdə 123 dollar olduğu halda, bu gün 110 dollara qədər geriləyib. Ötən bir həftə ərzində neftin 13 dollar, yəni 10,5 faizdən çox ucuzlaşması baş verib.
“Bloomberg” yazır ki, son günlərdə ABŞ investorları sərmayə qoyan zaman böhran ehtimalını daha çox nəzərə alır. Böhran tələbin azalmasından yarandığından investorlar əmtəə qiymətlərinin, o cümlədən neftin dəyərinin enəcəyinə inanmağa başlayıblar.
İnvestorların bu cür davranmasına ABŞ mərkəzi bankının (FED) sərt pul-kredit siyasəti yürütməsi də səbəb olur. FED yüksək inflyasiyanı cilovlamaq üçün həm faizləri artırır, həm də iqtisadi inkişafa verdiyi dəstəyi dayandırır. Təcrübə göstərir ki, sərt pul-kredit siyasəti şəraitində iqtisadi fəallıq zəifləyir, tələb azalır və iqtisadi inkişaf sürəti aşağı düşür.
Həm yüksək qiymət artımı, həm də bu qiymət artımının zəiflədilməsi üçün sərt maliyyə siyasəti böhran riskini artır. Görünən odur ki, artıq amerikalı investorlar daha böyük sərmayə qoymaqdan ehtiyatlanır, məhsul alışlarını azaldırlar.
ABŞ investorlarının tutduğu mövqeyə uyğun olaraq Avropalı, Çinli və digər böyük iqtisadiyyata sahib ölkələrin investorları da davranarsa, yaxın günlərdə neftin ucuzlaşması davam edəcək.
Vasif
Sfera.az