"Üzən nəhəng restoran" batdı - FOTOLAR
Honq-Konqun simvollarından biri olan “Jumbo Floating Restaurant” (üzən nəhəng restoran) Cənubi Çin dənizində batıb.
Sfera.az bildirir ki, bununla əlaqəli obyektə cavabdeh olan qurum - “Aberdeen Restaurant Enterprises Ltd” məlumat yayıb.
Qeyd olunub ki, restoran 14 iyunda baxım üçün daha az xərc tələb edən əraziyə köçürülüb və iyunun 18-də Parasel adaları olaraq da bilinən “Xisha” adalarını keçərkən mənfi hava şərtləri ilə qarşılaşıb. Nəticədə restoranı su götürüb və yana doğru batıb.
Sözügedən qəzada ölən və ya yaralanan olmadığı ifadə edilərək, gəmini xilas etmək üçün edilən səylərin nəticəsiz qaldığı əlavə olunub. “Hadisə yerində suyun dərinliyi min metrdən çox olduğundan xilasetmə işlərini həyata keçirmək olduqca çətinləşir”, - deyə vurğulanıb. Açıqlamada bildirilib ki, restoran dəniz mühəndisləri tərəfindən ətraflı şəkildə araşdırılıb.
Qeyd edək ki, Kanton mətbəxinə xidmət edən, təxminən 80 metr uzunluğundakı “Jumbo Floating Restaurant” 40 ildən artıqdır ki, Honq Konqda fəaliyyət göstərir. İngiltərə kraliçası II Elizabeth və Tom Kruz kimi məşhur adlar onun müştəriləri arasında olub. Restoran 2020-ci ildə Covid-19 pandemiyası səbəbindən bağlanıb və bütün əməkdaşlar işdən çıxarılıb.
Günay Rəsulqızı
Sfera.az