Makronun saxta səmimiyyəti, Zelenskinin soyuq baxışları... - Müharibə Qərb dünyasını parçalayır? 

Makronun saxta səmimiyyəti, Zelenskinin soyuq baxışları... - Müharibə Qərb dünyasını parçalayır? 

Son günlər Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqinin Ukraynaya səfəri müzakirə obyektinə çevrilib.  

 

Ukrayna lideri görüşlər zamanı ölkəsində səfərdə olan dünya liderlərinin heç birinin gözünə baxmayıb. Əksinə, onları soyuq qarşılayıb. Burada xüsusilə Zelenski ilə Makronun görüşü diqqət çəkib. Fransa prezidenti təbəssümlə Zelenskini qucaqlayıb "yanındayam" mesajı vermək istəsə də, Zelenski soyuq baxışları ilə sanki “o qədər də sadəlövh deyiləm” demək istəyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  Makronun Rusiya prezidenti Vladimir Putinlə şəxsi münasibətləri daha yaxşıdır, nəinki Zelenski ilə:

 

“Üstəgəl, Yelisey sarayında Kremllə hesablaşırlar. Həmçinin nəzərə almaq lazımdır ki, Rusiya və Fransa liderləri müharibə başlayandan bəri, bəlkə də, həftə ərzində bir neçə dəfə telefonla danışırlar. Makron bu barədə verdiyi açıqlamalarda Putini müharibəni dayandırmağa çağırdığını deyir. Əslində isə hansı müzakirələrin getdiyini heç kim bilmir. Hər halda Parisin Moskva ilə qarşı-qarşıya gəlmək istəyəcəyi ağlabatan deyil. Görünür, Qərb dünyasında müharibənin uzanmasını istəyənlər və bunda maraqlı olanlar var”.


Müsahibimiz qeyd edib ki, maraqlı cəhətlərdən biri də Zelenskinin Böyük Britaniya baş naziri Boris Consonla görüşü zamanı çəkilən kadrlardır:


“Zelenski Consonu daha səmimi qarşılayır. Londonun da Moskva ilə münasibətləri məlumdur. Britaniya Rusiya ilə adətən daha məsafəli davranmağa çalışır. Ola bilsin, Zelenski indi Britaniyaya daha çox inanır, nəinki digər Qərb dövlətlərinə. Bunun əsas səbəbi geosiyasi reallıqlar, həmçinin dünya liderlərinin ritorikasıdır.  İstisna deyil ki, artıq Qərb dünyasında Ukraynadakı müharibə ilə bağlı ikitirəlik var. Ola bilsin, bəzi dövlətlər, o cümlədən Britaniya, həqiqətən savaşın bitməsində maraqlıdır. Fransa, Almaniyanın isə səmimi olmamaları, ikili oynamaları mümkündür. Hətta, bəlkə də, bu fikir ayrılıqları lap əvvəldən var və döyüşlər uzandıqca özünü daha aydın göstərir. Bu mənada müharibə bir az da uzanacağı təqdirdə artıq kollektiv Qərbin özündə ziddiyətlərin dərinləşəcəyi gözləniləndir”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR