Azərbaycanda bu avtomobillərin alışı azalır 

Azərbaycanda bu avtomobillərin alışı azalır 

Bu ilin 5 ayında Azərbaycana avtomobil idxalında azalma qeydə alınıb.

 

Sfera.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ötən ilin ilk 5 ayında 31 220 ədəd avtomobil idxal edildiyi halda, bu il idxalın sayı 28 681 ədədə enib.

 

Rəsmi məlumatlardan aydın olur ki, idxalda azalma minik və yük avtomobillərində baş verib. Avtobus və xüsusi təyinatlı avtomobillərin idxalı isə artıb.

 

Minik avtomobillərinin idxalında diqqəti cəlb edən əsas dəyişiklik hibrid və elektrik mühərriki ilə təchiz edilən maşınların idxalının artmasıdır.

 

2022-ci ilin 5 ayında ümumən 26 408 ədəd minik avtomobil gətirilib ki, bu da 2 432 ədəd azalma (8,4 faiz) deməkdir.

 

Bu dövrdə hibrid avtomobillərin sayı 3 719 ədəddən 5 082 ədədə (36,6 faiz artım), elektrik avtomobillərin sayı 29 ədəddən 130 ədədə (348 faiz artım) çatıb.

 

2022-ci ildə benzin və dizel mühərriki ilə işləyən minik avtomobillərinin idxalı isə 25 092 ədəddən 21 196 ədədə düşüb.

 

Hibrid və elektrikli avtomobillərə tələbin artması onların gömrük və cari xərclərinin az olması ilə bağlıdır. Dizel və benzin mühərrikli avtomobillərdə isə əksinədir. Bu cür avtomobillərin həm idxalı bahadır, həm də gündəlik istifadəsinə görə yanacaq xərcləri çoxdur.

 

Bu səbəblər hibrid və elektrik avtomobillərinə tələbi artırır, digərlərinə isə azaldır.  

 

Benzin və dizel mühərrikli avtomobillərin idxalını azaldan səbəblərdən biri də qiymətlərin artmasıdır. Son aylarda həm xarici, həm də daxili bazarlarda avtomobillərin bahalaşması müşahidə edilir ki, bu da onlara olan tələbi zəiflədir. Digər tərəfdən, yaxın regionda müharibənin artması, ölkəmizdə inflyasiya səviyyəsinin xeyli yüksəlməsi də əhalinin zəruri olmayan vasitələrə xərclərini azaldıb.

 

Bu baxımdan avtomobilə olan tələbin də zəifləməsi başa düşüləndir.


Vasif
Sfera.az   

 


OXŞAR XƏBƏRLƏR