Azərbaycanda ağıllı telefon və planşet istifadəçilərinin sayı artır - Müsbət və mənfi tərəfləri 

Azərbaycanda ağıllı telefon və planşet istifadəçilərinin sayı artır - Müsbət və mənfi tərəfləri 

İnformasiya kommunikasiya texnologiyalarının inkişafı, proqram təminatı sahəsində vəziyyətin yaxşılaşması, elektron xidmətlərin genişlənməsi və internetin sürətinin artması mobil cihazlardan istifadəyə marağı artırıb. Mobil cihazlara tələbin güclənməsi inkişaf etməkdə olan ölkələrlə bərabər Azərbaycan kimi inkişaf etməkdə olan, hətta daha aşağı inkişaf səviyyəsinə sahib ölkələrdə də müşahidə edilir.

 

Sfera.az bildirir ki, mobil cihazlara marağın bu dərəcədə genişlənməsinin əsas səbəblərindən biri də texnoloji yeniliklərin mobil cihazlara daha tez tətbiqidir. Elektron mobil cihazların sürətlə təkmilləşdirilməsi onlardan istifadəni əlverişli edib. Müxtəlif  beynəlxalq təşkilatların apardığı monitorinqlər göstərir ki, insanlar mobil cihazlardan və onlarla bağlı xidmətlərdən daha çox yararlanır. İnsanlar əsasən smartfon telefonlara və əl kompüterlərinə (planşet) maraq göstərir.

 

Dünyada mobil cihazlardan istifadə səviyyəsinin və həcminin artması prosesindən təbii ki, Azərbaycan da kənərda qala bilməz. Ölkəmizdə insanlar arasında informasiya kommunikasiya texnologiyalarına aid olan məhsullara maraq digər səhələrin məhsullarına olan maraqdan həmişə yüksək olub. Məhz bununla bağlıdır ki, mobil telefon, planşetlərin və noutbukların yeni modelləri qısa müddətdə Azərbaycana ayaq açır və özünə geniş alıcı kütləsi tapır. Mobil cihazlara yüksək maraqla əlaqədar olaraq ölkəmizdə son illərdə noutbuk və planşetlərin, smartfon telefonlarını alış həcmi artır.

 

Məsələn, 2022-ci ilin yanvar-may aylarına aid olan məlumata görə, pərakəndə ticarətdə ən çox artım qeydə alınan sahə kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarıdır. Bu sahə aid olan malların satış dövriyyəsi 85 faiz artıb.

 

Mobil rabitə avadanlıqlarına tələbin artması onun idxalını artırır. 2016-cı ildə ölkəmizə 462 min mobil telefon idxal edildiyi halda, 2020-ci ildə 1,576 milyon ədədə yüksəlib.

 

Mobil cihaz dedikdə ilk ağla gələn nümumə mobil telefonlardır. Azərbaycanda artıq hər bir kəsin ən azı bir mobil telefonu var. Mobil telefonların sayının sürətlə artması ilk növbədə mobil rabitənin əlverişliliyinin artması ilə bağlıdır. Ən sürətli, ən rahat və ən yaxın rabitə vasitəsi mobil cihazlardan istifadə etməklə təmin edilən rabitədir. İndi ölkəmizdə elə bir yaşayış ərazisi yoxdur ki, orada mobil telefon rabitəsindən istifadə etmək mümkün olmasın. 2021-ci ilin sonuna olan məlumata görə, mobil rabitə ilə əhatə olunan ərazidə yaşayan əhalinin ölkə əhalisində xüsusi çəkisi artıq 100 faizə çatıb. Mobil rabitə xidmətlərinin və mobil telefonların dəyərinin enməsi mobil rabitə şəbəkəsinin 100 faiz həddə çatmasına imkan verib. Rəsmi məlumata görə, Azərbaycanda mobil telefon abunəçilərinin sayı 10,5 milyona yüksəlib.

 

Mobil telefonların texnoloji imkanlarının artması onun cəlbediciliyini artıran başqa bir cəhətdir. İndi mobil telefonlar kiçik bir kompüteri xatırladır. Kompüterdə həyata keçirilən əməliyyatların əksəriyyətini mobil telefonlar vasitəsilə etmək mümkündür. Təbii ki, bunun üçün ilk növbədə smartfon telefonlara sahib olmaq lazımdır. Xarici məlumatlara əsasən, 2021-ci ildə dünyada olan telefonların 90 faizindən çoxunu smartfon telefonlar təşkil edir. Eyni dəyişiklik Azərbaycanda da baş verir.

 

Smartfon telefonların meydana çıxması və onların daim təkmilləşdirilməsi mobil telefonlarla internetdən istifadəyə marağı artırıb. Azərbaycanda son məlumata əsasən internetə girənlərin 60 faizi mobil telefondan istifadə edib.

 

Mobil telefonla internetə giriş nisbətinin artırılması üçün mobil internet xidmətinin dəyərinin aşağı salınması vacibdir.

 

Ümumiyyətlə, gələcək illərdə dünyada mobil cihazlar arasında planşetlərin və smartfon telefonların sayının daha böyük sürətlə artacağı proqnozlaşdırılır. Gələcək mobil cihazlar dünyası əsasən adıçəkilən bu iki qurğu ilə bağlı olacaq.

 

Smartfon telefonların və planşet kompüterlərin sayının sürətlə artması öz növbəsində həmin cihazlarla göstərilən xidmətlərin də həcmini artırır. Artıq istər dövlət təşkilatları, istərsə də kommersiya məqsədilə fəaliyyətini quran təşkilatlar xidmətlərini mobil telefonlar və planşetlər müstəvisində də təşkil etməlidir.

 

Bu zərurətlə bağlı olaraq Azərbaycan dövləti də təşkil etdiyi elektron xidmətlərində planşet və smartfon istifadəçilərini nəzərə almağa başlayıb. Artıq dövlət təşkilatları tərəfindən, özəl şirkətlərin vasitəsilə göstərilən elektron xidmətlərin mobil versiyaları mövcuddur.

 

Mobil qurğulardan istifadənin artması bir sıra təhlükəsizlik məsələlərini də ön plana keçirib. Təcrübə göstərir ki, insanların, şirkət əməkdaşlarının, dövlət rəsmilərinin mobil qurğulardan hər yerdə istifadə etməyə çalışması, iş və şəxsi həyat arasında olan sərhədlərin pozulmasına səbəb olur. Əksər hallarda insanların hər yerdə - evdə, işə gedərkən və qayıdarkən eyni qurğulardan istifadəsi qorunan informasiyaların yayılma riskini artırır. 

 

Təhlükəsizlik məsələsinin aktuallığını artıran digər bir fakt mobil qurğular üçün zərərli proqramların artmasıdır.


Vasif
Sfera.az

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb. 

Mövzu: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 


OXŞAR XƏBƏRLƏR