Azərbaycan xaricdən daha çox hansı mallar alır?

Azərbaycan xaricdən daha çox hansı mallar alır?

Azərbaycanın ümumi xarici ticarətində ixracın həcmi idxaldan xeyli böyük olsa da, qeyri-neft sektorunda vəziyyət əksinədir. Burada idxal ixracdan dəfələrlə böyükdür.

 

Sfera.az tədiyə balansına dair məlumata istinadən bildirir ki, 2022-ci ilin birinci rübündə qeyri-neft malları üzrə xarici ticarət dövriyyəmiz 3 milyard dollar olub. Bunun 2,3 milyard dolları idxaldan, 0,7 milyard dolları ixracdan ibarətdir.

 

2021-ci ilin birinci rübü ilə müqayisədə bu il həm idxalda, həm də ixracda ciddi artım var. İdxalın həcmi 24,2 faiz, yəni 400 milyon dollar artaraq 2,3 milyard dollar olub. İxrac isə 54,7 faiz, yaxud 243 milyon dollar artmaqla 0,7 milyard dollar təşkil edib.

 

Birinci rübdə idxalın artım miqdarının ixracdakı artımdan çox olması ilə əlaqədar qeyri-neft malları üzrə xarici ticarətdə kəsir 1,44 milyard dollardan 1,6 milyard dollara yüksəlib.

 

Lakin bununla belə qeyd edək ki, ötən ilin birinci rübündə ixrac idxalın 24 faizinə bərabər olduğu halda, bu ilin eyni dövründə 30 faizinə bərabər olub. Bu, müsbət dəyişiklikdir. Əgər qarşıdakı illərdə də bu dinamika qorunarsa, yaxın 15-20 ildə qeyri-neft sektoru üzrə xarici ticarət kəsirini bağlamaq mümkün olacaq.

 

Bəs, Azərbaycan əsasən hansı qeyri-neft mallarını idxal edir?

 

Qeyri-neft idxalının strukturunda metalların (93,1%), kağız məmulatlarının (57,9%), əczaçılıq məhsullarının (44,3%), kərə yağının (30%), dənli bitkilərin (29,4%), ətir və kosmetik vasitələrinin (26,4%), gəmilər, qayıqlar və üzən konstruksiyaların (19,8%), mebel məhsullarının (17%), ağac məmulatlarının (15,6%), minik avtomobillərinin (12,1%), daş və şüşə məmulatlarının (10,4%), tərəvəz məhsullarının (5%), bitki yağlarının (1,8%), alkoqollu və alkoqolsuz içkilərinin (0,2%) idxalı artıb. Bu dövrdə uçuş aparatlarının (80,1%), dəmiryol nəqliyyat vasitələrinin (78,8%), tütün məhsullarının (35,1%), qazanlar, avadanlıq və mexaniki qurğuların (17,5%), şəkərin (10,7%) idxalı isə azalıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR