"Allahın müdafiyə ehtiyacı yoxdur" - Partiya rəsmisi dini qarşıdurma yaradanlardan danışdı...
"Son günlər ölkədə dini və etnik kimlik kimi həssas mövzuları alətə çevirmək, “qaşımaq” kimi tendensiyaları görürəm".
Sfera.az xəbər verir ki, bunu ReAL partiyasının icra katibi Natiq Cəfərli bildirib. O, bunu mühafizə orqanları nümayəndələrinin Tanrını təhqir etməsi ilə bağlı yayılan iddialar barəsində danışarkən deyib. Partiya rəsmisi dini məsələlər üzərindən ölkədə oyun aparıldığını diqqətə çatdırıb: "İstənilən ölkədə dini və etnik kimlik kimi həssas mövzular həmişə xarici xüsusi xidmət orqanlarının ən asan şəbəkə qura bildiyi və təsir edə bildiyi sahələrdir – Azərbaycan da istisna deyil, həm Şimal, həm Cənub qonşularımız, həm də Ermənistan illərlə bu mövzuları istismar etməyə çalışıblar, bu gün də çalışırlar, ona görə də çox diqqətli olmalıyıq.
Şimal qonşumuz Ermənistanda açıq şəkildə özünə bağlı siyasi partiyalarla sülh prosesinə küçədən mane olmağa çalışır, amma bizdə birbaşa və açıq şəkildə Şimala bağlı siyasi, ictimai qüvvələr olmadığına görə həmişə həssas mövzular üzərindən oyun qurmağa çalışıb, çalışacaq da - əsas məqsəd Kremlin bölgəmizdə təsirinin azalması tendensiyasının qarşısını almaqdır.
Moskva çox gözəl bilir ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması, problemlərin imzalarla həlli Rusiyanın bölgəmizə təsirlərini xeyli azaldacaq, ona görə də bu prosesə hər iki ölkənin daxilindən mane olmağa çalışacaq – İrəvanda bunu açıq şəkildə edir, Bakıda isə bunu açıq edə bilmədiyinə görə həssas mövzuları “qaşımaqla” etməyə çalışacaq". N.Cəfərli həssas mövzularda insanların bilgili olmasının zəruriliyini qeyd edib:
"Bizdə Ermənistandan fərqli olaraq Kremlə açıq şəkildə bağlı olan müxalif, sivil toplum qüvvələri olmayıb, bizdə tarixən Rusiyaya bağlı “5-ci kolon” həmişə hakimiyyətin içində olub və hakimiyyətin içindəkilərin bəzi müxalif qüvvələrlə açıq-gizli alverləri vasitəsi ilə bağlar qurulub – insaf naminə deyim ki, son 4-5 ildə onların xeyli hissəsi təmizlənib, amma bu proses tam başa çatmayıb. Həssas mövzularda vətəndaşlarımız da bilgili olmalıdırlar, son günlər insanları “Allahı təhqir ediblər”, kimi tezislərlə qaza gətirmək istəyirlər. Öz müqəddəs dinini, müqəddəs kitabını yaxşı bilən, Allahın bizə bəxş etdiyi dinimizin fəlsəfəsini anlayan inanclı bacı-qardaşlarımız belə təxribatlara fikir verməməlidirlər.
Allah hər şeyi görəndir, Allah həm mükafatlandıran, həm də cəzalandırandır – Allahın bəndənin müdafiəsinə ehtiyacı yoxdur, əksinə, Yaradan bizi, öz yaratdıqlarını əməllərinə görə müdafiə edir, bağışlayır, ya da cəzalandırır.
Yəni Allahın müdafiəyə ehtiyacı yoxdur, cəzanı da, mükafatı da özü verir".
Əzizə Zeynal