Formula 1-də bu gün: pilotların düzülüş yarışı keçiriləcək
Bakıda Formula 1 üzrə dünya çempionatının səkkizinci – Azərbaycan Qran-Pri yarışları bu gün də davam edəcək.
Sfera.az xəbər verir ki, bu gün - iyunun 11-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək.
Sabah isə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.
Formula 1 üzrə dünya çempionatının cari mövsümü 22 mərhələdən ibarətdir. Qran-Prinin səkkizinci mərhələsinə Bakı ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına altıncı dəfədir ev sahibliyi edir.
2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib.
Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Çarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Nikolas Latifi yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Mik Şumaxer və Kevin Maqnussen “Haas”, Sebastian Fettel və Lans Stroll “Aston Martin” komandasının idman şərəfini qoruyurlar.