Qəzada ölən polkovnikin yaxınları: “Qardaşı qazidir, özü də 20 ildir hərbçi idi...” - FOTO

Qəzada ölən polkovnikin yaxınları: “Qardaşı qazidir, özü də 20 ildir hərbçi idi...” - FOTO

Xəbər verdiyimiz kimi, 2016-cı il “Aprel döyüşləri” və 2020-ci il 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş polkovnik-leytenant Şöhrət Namazov 9 iyun tarixində bədbəxt hadisə nəticəsində həyatını itirib.

 

Belə ki, təqribən iki həftə bundan əvvəl ehtiyata buraxılan zabiti Gəncə şəhərində yolu keçmək istəyərkən avtomobil vurub. O, qəza səbəbilə dünyasını dəyişib.

 

Həyatını itirmiş hərbçinin yaxınları onun haqqında fikirlərini Sfera.az-la bölüşüb:

 

“Şöhrətin uşaqlıqdan hərb sahəsinə marağı olub və 20 ildən də çox idi ki, hərbi xidmətdə idi. Aprel döyüşlərində, Vətən müharibəsində iştirak edib, dəfələrlə hərbi təltiflər alıb. O, peşəkar hərbçi idi. 10 gün idi ki, hərbi xidmətdən tərxis olunmuşdu, evinin yaxınlığında yolu keçmək istəyəndə avtomobil vurub, dünyasını dəyişib. Hadisə axşam saatlarında təxminən 22:00-da baş verib. Ailəsi sürücüdən şikayətçi deyil, polis də məsələni araşdırır”.

 

Onlar bildiriblər ki, Şöhrət Namazovun qardaşı da Vətən müharibəsi iştirakçısı, qazidir:

 

“Şöhrətin iki övladı var. Böyük övladı 12, kiçik övladı isə 10 yaşındadır. Şöhrətgil ailədə 3 övlad idilər. Şöhrətin qardaşlarından biri elə onun kimi Vətən müharibəsi iştirakçısıdır - qazi Səbuhi Namazov. Səbuhi mülki həkimdir, Murov istiqamətində gedən döyüşlərdə yaralanıb.

 

Şöhrət 2011-ci ildə orduda qüsursuz xidmətinə görə 3-cü dərəcəli, 2015-ci il qüsursuz xidmətinə görə 2-ci dərəcəli, 2016-cı il qüsursuz xidmətinə görə 1-ci dərəcəli medala layiq görülüb.

 

O, 2021-ci il 24 iyulda Prezident tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə, 29 dekabr 2020-ci il isə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib”.

 

Sfera.az kollektivi adından mərhumun ailəsinə baş sağlığı veririk, Allah rəhmət etsin!

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR