Bunları edən qonşular cərimələnə bilərlər - 1000 manatadək...

Bunları edən qonşular cərimələnə bilərlər - 1000 manatadək...

Bəzən qonşuların bir-birindən hansısa səbəbdən şikayətləndiyinin şahidi oluruq. Məsələn, bina və ya həyət evində saxlanılan heyvanların davranışları, yüksək səsi, və ya evində təmir işləri gedənlərin yaratdığı narahatlıqlar, gec saatlarda dava-dalaş, səs-küy salanlar...


Maraqlıdır, insanlar hansı hallarda qonşular barədə şikayətçi ola  və ya məhkəməyə müraciət edə bilərlər?


Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki,  İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə əsasən ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə cərimə müəyyən edilib:


“Belə ki,  it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni  ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə; it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına;  itlərin cilovsuz, iri itlərin isə buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;  ev heyvanlarının insanların üzərinə saldırılmasına görə - iki yüz manat məbləğində cərimə edilir. Bu xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə müəyyən olunur”.


Müsahibimiz deyib ki,  məcəllənin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə də cərimələr var:


“Qeyd edilənlərlə bağlı fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cəriməsi nəzərdə tutulub. Qeyd olunan maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Yəni bu hallar baş verdiyi təqdirdə vətəndaş hadisənin baş verdiyi yerin polis orqanına müraciət edə bilər. 


Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə isə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Bu inzibati xətalar haqqında işlərə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR