"Təpəgöz", qanadlı it, mumiyalar… – Bakının ən qeyri-adi məkanından FOTOREPORTAJ
Biz dünyanı bədənimiz vasitəsilə dərk edirik. İnsan orqanizminin mürəkkəb quruluşunda o qədər sirli məqamlar var ki, öyrənmək üçün bəlkə də bir ömür yetməz. Ancaq haradansa başlamaq lazımdır.
Sfera.az-ın əməkdaşları bəlkə də çoxlarına bəlli olmayan, tarixi 1900-cü illərin əvvəllərinə dayanan məkana – Anatomiya Muzeyinə üz tutdu. Muzey Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya kafedrasında yerləşir. Bəri başdan deyim ki, bura elmi-tədris prosesinin getdiyi ciddi yerdir, əyləncə obyekti yox. Əslində bu fikirlər kafedra müdiri Anar Abdullayevə məxsusdur. Müsahibimiz vasitəsilə muzeyə qısa ekskursiya etdik.
Bura "Dayaq hərəkət", "Anomaliya", "Kəllə siniri" və "Daxili orqanlar" olmaqla 4 otaqdan ibarətdir. Həmin otaqlarla tanış olmamışdan qabaq bizim ilk diqqətimizi cəlb edən kafedranın girişindəki nəhəng tablo oldu. Anar bəyin sözlərinə görə, bu tablo rəssamın təxəyyülü ilə yaranıb və burada müəyyən müddətdə eyni dövrdə yaşayıb fərqli yaş göstəricilərinə sahib olan, lakin rəsmdə oxşar yaş aralıqlarında təqdim edilən anatomiya kafedrasının rəhbərlərini görə bilərsiniz – V.İ. Razumovski, K.N.Malinovski, N.İ. Anserov, K.Ə.Balakişiyev, G.Ş.Hacıyev...
Ölülərin diriləri öyrətdiyi 100 illik muzey
Rəsmlə tanışlıqdan sonra ilk dayanacağımız elə dayaq-hərəkət aparatı muzeyi oldu. Burada müxtəlif sümük preparatları, eramızdan əvvələ və eramızın ilk əsrlərinə aid eksponatlar mövcuddur, amma ən maraqlısı deformasiyaya uğramış kəllələrdir. Bəzi kəllələr süni surətdə deformasiyaya uğrayıb. O zamanlar yeni doğulmuş uşağın başına müxtəlif vasitələrlə xüsusi formalar verilirdi. Əksər qitələrdə bu metod dəb idi və fərqlənmək üçün istifadə olunurdu. Torpaqlarımızla bağlı həmişə yalan iddialar səsləndirən ermənilər həm də bizim buraya gəlmə olduğumuzu, bu torpaqlarda yaşamadığımızı irəli sürsələr də, məhz kəllələr vasitəsilə fikirlərini darmadağın edə bilirik. Müsahibimiz deyir ki, təkcə deformasiya elementləri ilə deyil, kəllələrin etnik xüsusiyyətləri ilə də bunu müəyyən etmək olur. Məsələn, muzeydə Şəki rayonunun Fazıl kəndində, 1997-ci ildə aparılan arxeoloji qazıntı zamanı insan anatomiyası kafedrasının müdiri olmuş V.Şadlinski tərəfindən aşkar olunmuş kəllələr var və onlar yeni eradan əvvəlki atəşpərəstlik dövrünə aiddir, türk tayfalarına məxsus olub. Bu isə o deməkdir ki, hələ eradan əvvəl bu ərazilərdə bizim ulu babalarımız yaşaması elmi surətdə sübut olunub. Ermənilərin özlərinə məxsus kəllə xüsusiyyətləri olsa da, iddialarına rəğmən onların bu ərazidə yaşamaları ilə bağlı heç bir sübut yoxdur.
Çürüməyən insan cəsədləri...
Sümük muzeyində digər diqqətçəkən eksponat mumiyalar idi. Bu preparatlar 1925-ci ildə Malinovskinin bilavasitə iştirakı ilə kafedranın əməkdaşları tərəfindən hazırlanıb. Müsahibimizin bizimlə bölüşdüyü maraqlı detalı qeyd etmək istəyirəm – deməli, süni və təbii olmaqla iki cür mumifikasiya var. Süni mumifikasiya zamanı daxili orqanları çıxarır, bəzən ürəyi saxlayırdılar. Bəzi misir mumifikatorları hesab edir ki, orada ruh yaşayır və o, qayıdanda ürəyi tapa bilməlidir, məhz bu səbəbdən həmin orqana əl vurulmurdu. Amma əksəriyyəti daxili orqanların hamısını ayrı qablarda saxlayır, lakin beyin onları maraqlandırmırdı. Misirlilər öz sirlərini heç kimə vermir və hansı məhluldan necə istifadə etdikləri barədə ancaq nəsildən-nəsilə məlumat ötürürdülər.
Muzeydəki eksponatlardan biri isə 1937-ci ildə Bakıda kilsələrin birindəki məzardan çıxarılmış və təbii şəkildə mumiyalanmış qoca kişi meyitidir. Anar bəy deyir ki, mumiyalara qulluq lazımdır və ildə bir neçə dəfə onlar xüsusi məhlulla işlənməlidirlər.
Otaqdan çıxmadan italiyalı qonaqların bəyəndiyi eksponatla tanış oluruq – fırladılaraq hərtərəfli baxıla bilən əng sümüyü. İtalyanlar bunu “çox ucuz və əlverişli üsul” adlandırıb. Şüşə arxasında yerləşən eksponatlara tam baxıla bilməsə də, sözügedən sümükləri dayaq vasitəsilə fırladıb hərtərəfli müşahidə etmək mümkündür. Diz oynağı, aşıq baldır oynağı, bud sümüyünün sümüküstlüyü, bazu oynağı kimi eksponatlarla tanış olan tələbələr burada bilgiləri praktiki olaraq əldə edə bilirlər.
Otaqda, həmçinin rənglənmiş kəllələrə də rast gəlmək olur, onlar tədris prosesinin asanlaşdırılması üçün nəzərdə tutulub. Tələbələr bunun sayəsində kəllə qapağının nə olduğunu, alnın təpə nahiyəsindən necə ayrıldığını, ön, orta kəllə çuxuru və. s. haqda detallı bilgilərə bələd olurlar.
İnsan külü, siyam əkizləri, "Təpəgöz" uşaq...
Bura tələbələrlə yanaşı, elə jurnalistlərin də ən çox diqqətini çəkən bölmədir. Söhbət Anomaliya bölməsindən gedir. Burada xeyli qeyri-adi eksponatlar var. Vaxtilə kafedranın müdiri olmuş Malinovskinin böyrəyi, hətta sidik kisəsi belə saxlanılır. Sidik kisəsi xərçəngindən dünyasını dəyişən professor dəfn edilib. Maraqlıdır ki, muzeydə onun külü də var.
Muzeydə siyam əkizləri, “təpəgöz” uşaq, beyin yırtığına malik, qara ciyəri və dalağı böyüşmüş, beyin kəllə qapağının inkişafdan qalan, ayaqları bayır tərəfdən əyilmiş və s. var. Hər biri xüsusi məhlulla saxlanılır, muzey əməkdaşları daimi baxış keçirir, əgər məhlul rəngində müəyyən dəyişiklik gedərsə, dərhal dəyişdirilir. Növbəti nəzərimi cəlb edən ana bətnində dördüncü aya qədər gedən inkişaf prosesinin əks olunduğu preparat oldu;
- Bunlar həqiqidir?
- Siz də istisna təşkil etmədiniz. Eyni sualı verdiniz.
Anar bəy deyir ki, bura gələnlər həmişə bu sualı ünvanlayırlar. Nə qədər inandırıcı görünməsə də, onlar realdır. Odur ki, danışmaq yox, baxmaq lazımdır. Başın saqital kəsiyi, müxtəlif başlar, fərqli bədən hissələri...
Meyitləri gizlicə oğurlayan, kilsənin sürgünə göndərdiyi alim...
Muzeyin ekskursiyası zamanı bizə maraqlı bilgilər verən Anar bəy həm də məşhur anatomlardan söz açdı. “Hər bir anatom qəribə ömür yaşayıb”, deyən müsahibimiz xüsusilə Andrel Vezalinin həyatına toxundu. Anatomiyaya maraq məhz onun çalışmalarından sonra yaranıb. Meyiti yararaq insan orqanizmini öyrənən ilk anatomlardan sayılan Vezaliyə məhz buna görə böhtanlar atılıb, təhqir edilib, günahkar hesab olunub. O zamanlar meyit üzərində işləmək kilsə tərəfindən qadağan olunmuşdu. Amma Vezali düşünürdü ki, anatomiyanı öyrənmək üçün düzgün yol mülahizələrə qulaq asmaqdan deyil, meyit üzərində praktik müayinələr, təftişlər aparmaqdan keçir. Bu səbəbdən o, gecə ikən təzə meyitləri gizli yolla qəbirstanlıqdan əldə edir, evdə üzərində çalışdıqdan sonra səhərə yaxın yenidən onları basdırırdı. Sonralar Vezalinin guya sağ qızın ürəyini açdığı, hətta orqanın onun əlində döyündüyü barədə şayiələr yayılıb. Kilsə, “günahından keçirik, amma buradan gedib bütün müqəddəs yerləri ziyarət etməli, bağışlanmağını istəməli, daha sonra geri qayıtmalısan” deyə bildirib. Çarəsiz qalan Vezali isə bunu edir, lakin qayıdanda qəzaya düşərək ölür. Tələbələrindən biri onu tanıyaraq dəfn edib. Onun ölüm günü Dünya Anatom Günü hesab olunur.
Məlumata görə, antik müəllif Qalenin təbabətdə o zaman qəbul edilmiş işləri ilə, xüsusən onun insanın quruluşu haqqındakı fikirləri ilə tanış olduqdan sonra Vezali onun 200-dən artıq səhvini düzəldərək doqmatik anatomiyaya kökündən zərbə vurub. O, dişlərin kəsici, azı və çeynəmə təsnifatını verərək, Aristotelin kişinin 32 qadının isə 28 dişə malik olduğu mülahizəsinin səhv olduğunu da göstərib.
"Qanadlı it"
Muzey yaradılan zaman burada cəmi 300 preparat olub. Onun da əksəriyyəti sümüklərdən ibarət imiş. Bunun da səbəbi onları saxlamağın daha rahat olması və xüsusi qulluğa ehtiyac olmamasıdır. Amma indi preparatların sayı 6 mindən çoxdur. Muzey zamanla zənginləşib və inkişaf edib.
Sən demə, muzeydə itən, zamanla deformasiyaya uğrayan eksponatlar da olub. Hətta kafedranın müdiri olmuş Vaqif Şadlinskinin sözlərinə görə, buradan “qanadlı doğulan it” də yoxa çıxıb. Bunun səbəbini isə müsahibimiz bu cür izah etdi: “Elə bir şey olub, təəssüf ki, mən də görməmişəm. Kafedranın tarixinə nəzərə salsaq, əvvəldən bu binada yerləşməyib. Hər dəfə hardansa köçəndə muzeydə ola bilər ki, hansısa preparat sına, itə bilər. Sonrakı dövrdə isə kafedranın böyüdülməsi, yenidən birləşdirilməsi prosesləri buna təsir edib. Amma son dövrlərdə preparatlar diqqət altındadır, belə bir hal baş vermir”.
Dünyanın bir nömrəli muzeyləri ilə rəqabət aparan, Azərbaycanda insan bədənindən hazırlanmış preparatların sərgiləndiyi yeganə yeri isə istənilən şəxs ziyarət edə bilər. Anar bəyin sözlərinə görə, bura tələbələrlə yanaşı, daha çox tarixçilər, stomatoloqlar, hərbi həkimlər, digər əlaqəli ixtisas sahibləri də gəlirlər.
Günay Rəsulqızı
Fotolar: Anar Bayramlı