Azərbaycanın dollarla olan gəlirləri kəskin artdı – Məbləğlər AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin birinci rübünə dair tədiyə balansının göstəricilərini açıqlayıb.
Sfera.az AMB-yə istinadən xəbər verir ki, birinci rübdə tədiyə balansında 1,572 milyard dollardan çox profisit yaranıb. Ötən ilin eyni dövrü ilə müqayisədə profisitin məbləği təxminən 5 dəfə artıb. 2021-ci ilin ilk rübündə profisit 326 milyon dollar idi.
AMB bildirir ki, 2022-ci ilin I rübündə tədiyə balansında böyük profisitin yaranmasına səbəb neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından qaynaqlanıb. Birinci rübdə neftin orta ixrac qiyməti 86,5 dollara yüksəlib ki, bu da ötən ilin birinci rübünə nisbətən 34,1 dollar çoxdur.
Neftin kəskin bahalaşması ilə əlaqədar cari əməliyyatlar balansında 3,953 milyard dollar müsbət fərq yaranıb. Cari əməliyyatlardakı profisitin məbləği əvvəlki ilin eyni dövrünə nisbətən 6,25 dəfə, yəni 3,3 milyard dollar çoxdur.
Cari əməliyyatlarda profisit böyüsə də, tədiyə balansının ikinci ən böyük hissəsi olan maliyyə hesabı balansında 1,196 milyard dollar kəsir qeydə alınıb. Ötən ilin birinci rübündə maliyyə hesabı balansında 14,4 milyon dollar profisit var idi.
Bu il balanslaşdırıcı maddələr üzrə də mənfi göstərici böyüyüb. Balanslaşdırıcı maddələr üzrə 2021-ci ilin birinci rübündə 317 milyon dollar kəsir yarandığı halda, cari ilin birinci rübündə 1,184 milyard dollar kəsir yaranıb.
2022-ci ildə maliyyə hesabı balansında və balanslaşdırıcı maddələr üzrə ümumən 2,381 milyard dollar kəsirin yaranmasına baxmayaraq, cari əməliyyatlardakı böyük profisit hesabına tədiyə balansında 1,57 milyard dollardan çox müsbət fərq formalaşıb.
Tədiyə balansında müsbət fərqin olması o anlamı verir ki, Azərbaycanın xarici valyutada gəliri gedərlərindən çox olub. Başqa sözlə, birinci rübdə dollarla olan xalis gəlirlərimiz xeyli artıb.
Vasif
Sfera.az