Azərbaycanda ərzaq məhsulları daha da bahalaşa bilər – “İnflyasiya qaçılmazdır”
“Dünya bazarındakı qiymət artımları fonunda Azərbaycanda idxal inflyasiyası qaçılmazdır”.
Sfera.az bildirir ki, bunun iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu, ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır:
“Bu baxımdan, hökumət anti-infl yasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq”.
Millət vəkili qeyd edib ki, Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır:
“Dünya Bankı və OECD daha da bədbindilər. 2022-ci ildə Dünya Bankı 2.9, OECD isə 3.0 faiz artım proqnozlaşdırır. Hər iki qurumun ilin növbəti yarısı üçün gözləntiləri nikbin deyil. Qlobal iqtisadiyyatdakı çətinliklər özünü, həmçinin ərzaq bazarında qıtlıq və qiymət artımları ilə göstərir. Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub. Hər iki ölkənin dünya buğda ixracatında birgə payı 30 faiz, qarğıdalı, mineral gübrələrdə satışında 20 faiz idi. Neftin 11 faizi bu regiondan ixrac olunurdu. Göründüyü kimi, qlobal ərzaq qıtlığı və qiymət artımları 2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi olaraq qalmaqdadır. Rusiya-Ukrayna müharibəsi isə bir daha göstərdi ki, yeganə dayanıqlı yol idxaldan asıllığın azaldılması və tələbin daha çox yerli istehsal hesabına ödənilməsidir”.
Qeyd edək ki, beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artım tempinin azalacağını bəyan ediblər. Növbəti aylarda qlobal iqtisadiyyatda artım faizinin düşəcəyini bəyan edən BVF 2022-ci ildə dünya iqtisadiyyatının 3.6 faiz artacağını proqnozlaşdırır. Ötən il dünya iqtisadiyyatı 5.7 faiz böyümüşdü.
Günay Rəsulqızı
Sfera.az