Co Baydenin Azərbaycan Prezidentinə ünvanladığı son məktublardakı DETAL - "Ağ Evdə görüş baş tuta bilər"
“ABŞ prezidenti Co Baydenin ölkə başçısına ünvanladığı son məktubları əvvəldən fərqli olaraq konkret əməkdaşlığın yeni mərhələsini özündə ehtiva edir”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ağ Ev Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallığı qəbul edərək, bunu öz regional kontekstində qiymətləndirir:
“Bununla yanaşı, Vaşinqton Cənubi Qafqazda strateji cəhətdən möhkəmlənmək və yeni dünya nizamında Rusiyanı regiondan sıxışdırmağı planlayır. Ona görə də Baydenin ard-arda göndərdiyi məktublarda regionda Azərbaycanla birgə işləyəcəklərini vurğulayır. Demək, ABŞ, Azərbaycanın yeni dünya nizamında öz yanında olmasını istəyir. Baydenin Azərbaycana dəstək, regional və ikitərəfli əlaqələrin inkişafı istiqamətində göndərdiyi məktuba rəsmi Bakı cavab verməli idi. Məhz prezidentin köməkçisi Hikmət Hacıyevin Vaşinqtona səfəri cavab addımıdır”.
Ekspert qeyd edib ki, Ağ Evdə aparılacaq danışıqlarda Azərbaycanın ABŞ-ın yeni strategiyasına dəstək verəcəyi və ölkəmizin Ermənistanla normallaşma prosesində Vaşinqtonun Yerevana təzyiqlər edilməsi razılaşdırılacaq:
“Ağ Evin Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində Azərbaycanın atacağı addımları dəstəkləməsi, xüsusilə Qarabağda silahlı erməni birləşmələrinin çıxarılması istiqamətində Azərbaycana tam dəstək verməsi mümkündür. Azərbaycan rəsmisi ilə danışıqlar müsbət istiqamətdə gedəcək və ola bilər ki, bu danışıqlarda prezident İlham Əliyevin Vaşinqtona səfəri razılaşdırılsın. Artıq Vaşinqtonla Bakı arasında yeni təmasların inkişafı prezidentlərin ikitərəfli danışıqlarını labüd edir. Baydenin prezident İlham Əliyevi Ağ Evdə qəbul etməsi istisna deyil”.
Günay Rəsulqızı
Sfera.az