Rus sülhməramlılarının yaratdığı YENİ ƏNGƏL: "İnsanların mal-qarası tələf olur"

Rus sülhməramlılarının yaratdığı YENİ ƏNGƏL:

“Laçında rus sülhməramlılarının yaratdığı problem ora gedib-qayıdanlara ciddi mane olur”.


Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert qeyd edib ki, son vaxtlar "müvəqqəti nəzarət zonası"ndan keçənləri sadəcə müşayiət edən sülhməramlılar maşınların hər yerinə nəzər salmağa, yükləri bir-bir yoxlamağa, zənbillərə, bağlamalara da baxmağa başlayıblar:


“Bunu hər iki istiqamətdə gedəndə edirlər. Nəticədə insanlar xeyli vaxt itirirlər, çətin dağ yolu üçün qablaşdırdıqları yükləri dağıtmağa məcbur olurlar və s. Yurdlarımızda heyvandarlıq və arı təsərrüfatlarının qayıtmağa başladığı indiki vaxtda bu özbaşınalıq lap ciddi problemə çevrilib. Təsəvvür edin ki, həmin "yoxlama" səbəbindən arı pətəkləri və ya mal-qara dolu maşınlar saatlarla günün altında qalıb gözləyirlər. Bu səbəbdən itkilər - mal-qara və arıların tələf olması da müşahidə olunur”.


Ə.Hüseynov deyib ki,  sülhməramlıların bu yeniliyi insanların dönüşünə süni əngəl yaradır:


“Ona görə də təcili surətdə dövlət qurumlarımız bunun qarşısını almalıdırlar. Həmin sülhməramlıların mandatında və statusunda belə yoxlamalar aparmaq səlahiyyəti yoxdur və ola bilməz. Həm də insanlarımız onların "müvəqqəti məsuliyyət zonası"nı dayanmadan keçirlər. Hər bir halda ümid edirəm ki, dövlət qurumlarımız sülhməramlıların statusunu və səlahiyyət dairəsini onlara təkrar xatırladacaqlar”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR