Türkiyə ilə Rusiya Ukrayna taxılı ilə bağlı razılığa gəldi

Türkiyə ilə Rusiya Ukrayna taxılı ilə bağlı razılığa gəldi

Türkiyə və Rusiya Ukraynanın istehsal etdiyi taxılın daşınması planı ilə bağlı razılığa gəliblər.


Sfera.az bildirir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb. 


Qeyd olunub ki, plana görə, Türkiyə Silahlı Qüvvələri Ukraynanın Odessa sahillərində yerləşdirdiyi dəniz minalarını təmizləyəcək. Taxıl yüklü gəmiləri Odessadan Qara dənizdəki neytral sulara qədər türk gəmiləri, buradan isə Boğaza qədər Rusiya hərbi gəmiləri müşayiət edəcək.


Məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu gün bu məsələni müzakirə etmək üçün Türkiyəyə gələcək. Kremlin sözçüsü Dmitri Peskov  da daha əvvəl Lavrovun Türkiyəyə səfəri zamanı taxıl məsələsinin müzakirə olunacağını bildirib. Lavrovun sabah Türkiyəyə gələcəyi gözlənilirdi, lakin səfər Türkiyənin Suriyada yeni əməliyyatı ilə əlaqədar gündəmə gətirilib.


Qeyd edək ki, Ukrayna prezidenti Zelenski  dünən, "Rusiyanın mühasirəsi səbəbindən 75 milyon ton taxıl payıza qədər qapalı qala bilər", deyə söyləyib və  taxıl daşınması ilə bağlı İngiltərə, o cümlədən Türkiyə ilə danışıqların aparıldığını vurğulayıb. Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell  isə dünyada taxıl qıtlığına görə Rusiyanın məsuliyyət daşıdığını qeyd edib.


Xatırladaq ki, Ukrayna Rusiyanın işğal cəhdindən əvvəl dünyaya ən çox taxıl satan ölkə idi.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR