Gürcüstan Ermənistana yeni yol açır? - Silah daşısalar...
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib ki, Qara dənizdəki Ermənistan bərəsi vaxtında işə düşəcək və yüklərin Rusiyaya, eləcə də əks istiqamətdə daşınmasını sürətləndirəcək.
“Bu yaxınlarda hökumət üzvləri logistika şirkətləri ilə işləmək qaydası ilə bağlı razılığa gəliblər. Yeganə sual onun Gürcüstan limanlarında yerləşdirilməsi üçün icazə almaqdır. Yaxın vaxtlarda gürcü həmkarlarımızla məsələlər öz həllini tapacaq”, - deyə nazir bildirib.
Maraqlıdır, Gürcüstan ermənilərə öz quru ərazisi və suları vasitəsilə yük daşımağa icazə verəcəkmi? Axı Ermənistan həmin bərə ilə Rusiyadan silah da daşıya bilər...
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistanın Qara dənizdən logistika vasitəsi kimi istifadə etməsi onun bu sahədə problemlərini aradan qaldırmaq məqsədi güdür:
“Bildiyimiz kimi, təkcə Gürcüstanla qurudan açıq tranzit xəttinə malik olması bu sahədə tələbləri ödəmir. Üstəlik dağ aşırımlarından keçən bu yol qışda qar uçqunları səbəbindən uzun müddət bağlı qalır. Bu səbəbdən logistika üçün əlavə imkanların tapılması istiqamətində İrəvanın təşəbbüsləri təbiidir. Quru və su yollarının Ermənistana açılmasına gəlincə, düşünürəm ki, qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Gürcüstan hökuməti buna ciddi etiraz etməyəcək. Əgər istəsəydi, Gürcüstan buna çoxdan mane olardı”.
Müsahibimiz bildirib ki, Ermənistanın tranzit yollarının diversifikasiyasında Avropa İttifaqı ciddi maraqlıdır:
“Qara dənizdə Ermənistan bərə xəttinin işə düşməsi Qara dəniz sahilində yerləşən Şərqi Avropa ölkələri ilə də əlaqələrin qurulmasını nəzərdə tutur. Bu baxımda Avropa İttifaqı da Gürcüstana müəyyən təzyiqlər göstərə bilər. Amma Rusiyanın Gürcüstan və Errmənistanın bu təşəbbüsünə nə reaksiya verəcəyi məlum deyil. Çünki bərə nəqliyyatının fəaliyyətə başlaması Ermənistanın Rusiyadan asılılığının zəifləməsi ilə nəticələnə bilər. Bərə vasitəsi ilə Rusiyadan silah və hərbi sursat daşınmasına gəlincə, bu, istisna olunmur. Amma Gürcüstan hökuməti bu məsələdə bir qədər ehtiyatlı olmalıdır. Əks halda Azərbaycan və Rusiya ilə münasibətlərin korlanması ilə qarşılaşa bilər”.
Günay Rəsulqızı
Sfera.az